AFFA-dan İTV-yə BİABIRÇI CAVABLAR: Birinin qızdırması var, biri rusdilli olduğunu, digəri "Müzakirəyə futbolu biləni çağırın" dedi

AFFA-dan İTV-yə BİABIRÇI CAVABLAR: Birinin qızdırması var, biri rusdilli olduğunu, digəri "Müzakirəyə futbolu biləni çağırın" dedi

AFFA rəsmilərinin "İctimai" TV-də geniş müzakirəyə çıxarılan futbol üzrə milli komandamızın uğursuzluqları ilə bağlı verilişdə canlı efirə qoşulmamalarına aydınlıq gətirilib.

mediasport.az xəbər verir ki, bu haqda “Sabaha saxlamayaq” verilişinin aparıcısı Ürfan Məmmədli sosial şəbəkə hesabında məlumat verib.

Həmkarımız paylaşımında Bunları yazıb:

“Əziz futbolsevərlər,

“Sabaha saxlamayaq” verilişinin 28.03.2023 tarixli buraxılışı Azərbaycan futboluna həsr olunmuşdu. Biz həmin müzakirələrimizdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA rəsmilərini də görmək istəyirdik. Lakin onlar ölkəyə yeni döndüklərini və müzakirələrdə iştirak edə bilməyəcəklərini bildirdilər. Biz isə veriliş ərzində obyektivliyin qorunması üçün dəfələrlə AFFA-ya çağırış etdik və onlara da meydan vermək istədiyimizi vurğuladıq.

Çağırışlarımıza bu gün AFFA-dan cavab gəldi. Aprelin 10-u saat 18:15-də verilişimizdə AFFA-nın baş katibi Sərxan Hacıyev və digər rəsmi nümayəndələr iştirak edəcəklər. Bu o deməkdir ki, futbol üzrə milli komandamıza həsr edilmiş müzakirəmizi davam etdirəcəyik.

P.S.: Bu gün AFFA İcraiyyə Komitəsinin bir neçə üzvü ilə əlaqə saxladıq.

– Sabiq XİN rəhbəri Elmar Məmmədyarov “müzakirəyə futbolu dərindən bilən şəxsləri dəvət etsəniz, daha doğru olar” dedi. Səmimi olduğu üçün Elmar müəllimə təşəkkür edirəm.

– Fərid Mansurov davam edən güləş üzrə Azərbaycan çempionatına görə məşğuldur.

– Zaur Axundov və Rauf Əliyev ölkədə yoxdur.

– Vaqif Sadıqovun hərarəti var (Allah şəfa versin). Amma  müzakirələrdə iştirak etməyi çox istədiyini bildirdi.

– Kazbek Tuayev üzrxahlıq etdi və rusdilli olduğu üçün müzakirələrə qatıla bilməyəcəyini bildirdi.

Aprelin 10-u Sərxan müəllimlə yanaşı, İcraiyyə Komitəsinin üzvlərindən kimisə görəcəyimə inanıram.