"Problemlər çox olur, amma onları kənarda qoyub millini düşünürəm"
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emin Mahmudov UEFA Millətlər Liqasının qrup mərhələsinin İsveçlə oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, milli üzvü oyunla bağlı fikirlərini bölüşüb:
"Sabah yaxşı rəqibə qarşı mübarizə aparacağıq. İsveçin heyətində güclü futbolçular var. Çalışacağıq ki, qələbə qazanaq. Bu komandaya qarşı Avropa çempionatının seçmə mərhələsində çıxış etmişəm Həmin matç karyeramın ən yaxşı oyunlarından biri olub. İnşallah, yenə də komanda yoldaşlarımla birgə özümüzü ən yaxşı tərəfdən göstərmək istəyirik".
Emin daha sonra jurnalistlərin suallarını cavablandırıb:
İsveç millisi revanş almaq istəyəcək. Motivasiyanız necədir?
- İsveçə qarşı son matç karyeramın ən yaxşı oyunlarından biri oldu. Komandaya kömək edəcəm. Allah qoysa, yaxşı oynayarıq.
Fernandu Santuşla ilk dəfədir çalışırsız...
- Normal bir məşq keçirdik. Yavaş-yavaş onun oyun fəlsəfəsini həyata keçiririk.
"Neftçi"də əhval-ruhiyyə yaxşı deyil. Millidə bunu unutmaq üçün nə edirsən?
- Heç vaxt klubdakı problemləri milliyə gərtirməmişəm. Çalışmışam ki, hərəsinə ayrı-ayrı yanaşım. Milliyə gələndə heç nə düşünmürəm. Problemlər çox olur, amma onları kənarda qoyub millini düşünürəm.
Ötən qalibiyyətin təsadüf olmadığını sübut etmək üçün nə edəcəksiz?
- Maksimum diqqətli olmalıyıq. Bizi çox yaxşı rəqib və çox güclü oyunçular gözləyir. Çalışacağıq ki, mübarizə göstərərək, öz futbolumuzu oynayaq.
Hansı futbolu oynayacaqsız?
Bir günlə heç nəyi dəyişə bilmərik. Çox kompakt, topla oynamağa çalışacağıq. Alınacaq ya yox, bunu zaman göstərəcək.
Azərbaycan - İsveç oyunu sabah, 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.