Bütün klublar futbol oynayır, "Sabah" və "Neftçi" nə edir?

Bütün klublar futbol oynayır, "Sabah" və "Neftçi" nə edir?

Azərbaycan Premyer Liqasında 6 tur geridə qaldı. Turnir cədvəlində görməyə öyrəşmədiyimiz mənzərə izləyirik. Bu, hələlikdi, ya axıra qədər belə olacaq - zaman, daha doğrusu, klubların özləri göstərəcəklər.

Hələlik heç nə göstərməyən iki komanda var - 10 klubun 7-dən çox büdcə və imkanlara malik "Sabah"la "Neftçi" futbol oynamır.

Yayda yeniləşən "Neftçi" heyətini, demək olar, büsbütün dəyişdi. Təpədən dırnağa dəyişdirilən, ən yüksək səviyyədə dövlət dəstəyini alan ölkənin köklü klubunda dəyişməyən tək şey stabil oyun və nəticədir. Adrian Mutunun "ağ-qara" komandada məşqçi işini qiymətləndirmək bəlkə də tezdir, amma qəti ümid vermir. Aşkar sistemsizlik Laurentsiu Regekampfın dönəmini geri qaytarıb sanki. Bəlkə zamanla dəyişəcək. Fəqət, onda çox gec olacaq. Bu komanda və bu heyətlə Premyer Liqada 3-4-cü yerləri istənilən orta səviyyəli azərbaycanlı məşqçi ilə də tutmaq olar.

"Sabah" - avrokuboklarda uğurlu debütdən sonra "Partizan" səddini keçə bilməyən Masazır klubu hələ də serblərə acı məğlubiyyətin təsirindən çıxa bilmir. Ötən mövsüm gözəl oyunu ilə göz oxşayan Murad Musayevin komandası cari Premyer Liqada nəinki oyun, nəticə üzünə də həsrət qalıb. Yayda düşərgəni 2 əsas sima - icarə müqaviləsi bitən Aleksey Kaşşuk və daha çox pul qazanmaq istəyən Coy-Lens Mikels tərk edib, yəni, komandanın özəyi yerindədir. Üstəlik, saysız-hesabsız yeni transferlər edilib. Bu boyda dayaqlara-büdcəyə-imkanlara sahib komanda məgər bir Kaşşuk və ya Mikelsdən asılı idi ki, indi bu qədər bərbad çıxış edir? Son 5 rəsmi, Premyer Liqada isə ardıcıl 4 oyuna 1 xal toplayan "Sabah"ımız budu? Pafos vaxtı deyil, bəylər! Yüzminlər xərclənir, iş görmək lazımdı, iş!

10-qat ölkə çempionu "Qarabağ" ənənəvi ampluasındadı - mövsümün əvvəlini iki cəbhədə keçirən komanda zamanla reslə düşür. Elə "Sabah" üzərində çox rahat və inamlı oyun və aşkar üstünlüklə qazanılan qələbə deməyə əsas verir ki, "atlılar" "köhlənlər"i hələ indi-indi yola çıxarırlar. Dünənki oyunlarından sonra düşünmək olar ki, yenə də Qurban Qurbanovun komandasının qarşısında dayanan, dayana bilən olmayacaq. "Zirə"?..

Rəşad Sadıqovun 3 ildir baş məşqçisi olduğu "Zirə"nin lider olması aldadıcı görünür. Qəsəbə təmsilçisi baxımlı, gözoxşayan oyunlar nümayiş etdirmir. Sadəcə, bu il fərqli sistemə üstünlük veriblər - yaranmış fürsətlərdən maksimum istifadə edirlər. Yəqin, klubla müqaviləsi yenilənən Sadıqov da anlayır ki, rəhbərlik ona bir daha belə müddətli şans verməyəcək. Odu ki, "Zirə" gücləndirilmiş heyətlə indidən çətin günlərin "azuqə"sini toplayır. Bu da bir işdi, ehtiyat nə qədər çox olsa, yol daha hamar olar.

Ötən mövsümün son oyununda "gələn mövsüm fərqli "Səbail" görəcəksiz" anonsunu verən Şahin Diniyev, deyəsən, haqlı imiş. Hər halda geridə qalan 6 tur belə fikirləşməyə əsas yaradır. Nəinki ardıcıl 3 qələbə, Bayıl klubunun sərgilədiyi futbol da gələcəyə nikbin baxmağa ümid verir. Gücləri hara qədər çatacaq-nəyə yetəcək - bu, stabillik, zaman və məşqçi işinə bağlıdı - lakin istənilən halda geridə qalan müddətdə "dənizçilər" müəyyən mənada iddialarını ortaya qoyublar desək, yanılmarıq.

Əsasən infrastruktur və gələcəyə hesablanmış işə köklənən "Turan Tovuz" oturuşmuş heyət, baza formalaşdırmağa çalışır. Premyer Liqadakı çıxışları da ümid verir, öz yerində. Ancaq baş məşqçi Ayxan Abbasov, həmçinin, klubun baş sponsoru, rəhbərliyi Premyer Liqada ortaya ciddi iddia qoymamaqla doğru seçim edib, bizcə. Açıqlamalarında dəfələrlə əsas məqsədlərinin baza formalaşdırmaq olduğunu qeyd etmələri tam normal və alqışalayiqdi. Müvəqqəti uğur qazanıb ərşə çəkilməkdənsə, sıfırdan iş qurmaq daha məqsədəuyğundu.

Yayda heyətinin özəyini itirən "Qəbələ" yeni transferlərlə yavaş-yavaş toparlanmağa çalışır, adaptasiya, sistemə oturuşmaq və.s., yəqin ki, qışa qədər vaxt alacaq. Komandanın timsalındakı oyun ürəkaçandı. Elmar Baxşıyev amili sözünü deyir.

Əsas yeniləşməyə məruz qalmış kollektivlərdən "Sumqayıt" sanki kiçik "Sabah" və "Neftçi"di. Heyətin 90 faizi dəyişmiş "gənclik şəhəri" təmsilçisi Samir Abasovla stabil xətt tutmayıb, 6 tura görünən mənzərə budu. Abasovun iddialı danışmağından başqa meydanda ciddi bir nəmənə görünmür, hələ ki. 80 dəqiqə azlıqda qalan "Zirə"yə qol vura bilməməkləri bir yana, məğlub olmaları dərin və düşündürücü sual doğurmaya bilməz. Amma qeyd etdiyimiz kimi, cəmi 6 tur keçib və əksər futbolçular bir çox komandada yenidir deyə, klublar barədə yekdil iddia irəli sürmək çətindi.

Debütant "Araz-Naxçıvan" - 18-20 günə toplanmış, təlim-məşq görməmiş bir heyətlə Premyer Liqada səliqəli, sistemli oyun göstərmək yalnız baş məşqçi işidi. İkinci bir səbəb-fakt yoxdu. Azər Bağırov illər əvvəl "Pro"nu elə-belə almadığını artıq 6 tura ortaya qoyub. İstər "Qarabağ", istərsə "Neftçi", həmçinin, digər matçlarda nümayiş etdirdikləri futbolla bu komanda debüt mövsümündə iddiasını ortaya qoyur. Yeni transferlər komandaya, liqaya, sistemə tam oturuşandan sonra daha maraqlı və stabil "Araz-Naxçıvan" görə bilərik.

Və adı çəkiləndə yazmağa söz qıtlığına səbəb olan "Kəpəz" - Heç bir sponsorun yaxın durmadığı ölkənin ikinci böyük şəhərinin "kiçik" komandasının çıxışlarında, əslində, oyun elementləri, taktika görünür, di gəl, autsayder olduğunu da get-gedə daha çox aşkara çıxarır. Yalnız dövlətin ayırdığı maliyyə ilə "qidalanan" komandanı Premyer Liqada saxlamaq mümkün olmayacaq, keçən 6 tur bunu əyani şəkildə göstərir. Başlıca səbəb maliyyədisə, heyətin natamamlığı, yenilərin ümdiləri tam doğrultmaması, infrastruktur və şərait də onun davamıdı. Bu şəraitlə Premyer Liqada qalmaq, sadəcə, mümkün deyil. Turlar ötdükcə rəqiblər "Kəpəz"a artıq 3 xal mənbəyi kimi baxacaqlar. Gəncə adına yaraşmasa da, faktiki reallıq budu...

Mediasport.az