"Almaniyaya möhtəşəm, əzmkar bir "Qarabağ" gedəcək, heç kəsin şübhəsi olmasın" - TAHİR GÖZƏL
"70-ci dəqiqəyə qədər "Bayer"lə oyunda öndə olmaq... "Qarabağ" Avropada tarixi rekordu qırır. Qarşımızda Avropanın ən güclü klubu var idi. Son dəqiqələrdə qol olmasaydı, bu gün tarix yaşayacaqdıq. Amma mən yenə də Qurban Qurbanova, canlarını qoyan futbolçularıma, möhtəşəm azarkeşlərə və xalqıma təşəkkür edirəm.
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
Ağdam klubunun rəhbəri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"lə görüşündən sonra jurnalistlərə açıqlama verib.
Klub prezidenti 2:2 hesabı ilə başa çatan qarşılaşma haqda bunları bildirib:
"Həyatımın ən çətin anlarından biri "İnter"lə oyun idi. Həmin matçdan sonra cənab prezident dedi ki, mən sizi qalib hesab edirəm. Bu qalib ruh buraya gəldi. Çox xoşbəxtəm ki, ölkəmizi qürurlandırdıq. Artıq bütün dünya bilir ki, Qarabağ Azərbaycandır. Biz buna layiqik. Bizim içimizdəki bu alovu heç kim söndürə bilməz. Davam edəcəyik. UEFA-da çıxış edərkən demişdim ki, "Qarabağ" Avropada sürpriz etmək istəyir. Bizim arzumuz budur. Hesab edirəm ki, bu gün bu sürprizi bacardıq. Tam istədiyimiz alımmasa da, hər iki komandanı təbrik edirəm, möhtəşəm oyun oldu".
Tahir Gözəl 1 həftə sonra Almaniyada keçiriləcək cavab matçı haqda da düşüncələrini bölüşüb:
"Paltardəyişmə otağında futbolçularla görüşdüm. Onların ürəklərindəki alovu, inamı gördüm. Almaniyaya möhtəşəm klub gedir. Əlbəttə bu, futboldur. Nəticəni biz bilmirik. Sizə bir şey deyim, oraya çox əzmkar "Qarabağ" gedəcək. Bundan heç kəsin şübhəsi olmasın. Almaniyada yaşayan hər kəsi səfər oyununda stadionda gözləyirik".