AMADA rəsmiləri Lozanna Universitetində tədbirə qatılıblar
İsveçrənin Lozanna şəhərində Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) cari il üçün “Workshop”u təşkil olunub.
Mediasport.az xəbər verir ki, Lozanna Universitetində keçirilən tədbirdə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.
Qlobal antidopinq səylərinin inkişafına yönəlmiş tədbirin plenar sessiyalarında İdmançının Bioloji Pasportu, onun tarixi konteksti və son nailiyyətləri müzakirə olunub. Həmçinin idmançıların rifahı, EPO test strategiyaları, hüquqi aspektlər, testetmə, qeyri-ixtiyari dopinq, təhsil və Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq barədə də fikir mübadiləsi aparılıb.
Tədbirin gündəliyinə dərman vasitələrinin elektron yoxlanış alətləri, məlumat toplanması və təhqiqat üsullarının hazırlanması kimi mövzular da daxil edilib.
Eyni zamanda tədbir maraqlı tərəflər üçün fikir mübadiləsi aparmaq, təmiz idmanın və dopinqlə mübarizənin təşviqində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli fürsətlər yaradıb.