Avropa çempionatı və Yay Olimpiya Oyunları İTV-də canlı yayımlanacaq

Avropa çempionatı və Yay Olimpiya Oyunları  İTV-də canlı yayımlanacaq

İdmanın şahı futbolun azarkeşləri başda olmaqla, bütün idmansevərlərin diqqəti bu yay İctimai Televiziyada (İTV) olacaq.

Mediasport.az xəbər verir ki, milyonlarla teletamaşaçısı olan futbol üzrə Avropa çempionatı (Avro-2024) və 4 illiyin zirvə yarışı Yay Olimpiya Oyunları İTV-də yayımlanacaq.

Bu gündən iyulun 14-nə kimi İctimai Televiziyada bir ay boyunca futbol bayramı yaşanacaq.

Almaniyada keçiriləcək Avro-2024-ün bütün oyunları həm İTV-də, həm də rəsmi İTV-nin yutub hesabında canlı yayımlanmaqla, futbol azarkeşləri üçün əlçatan olacaq. Hər hansı oyunu canlı izləmək imkanı olmayanlar isə operativ şəkildə İTV-nin rəsmi yutub kanalında da yerləşdiriləcək icmalları, vurulan qolları təkrar-təkrar izləmək imkanı əldə edəcəklər.

Bundan əlavə, qitə çempionatı ərzində ən maraqlı oyunlarının paralel olaraq İctimai Radio – 90 FM vasitəsilə də yayımı nəzərdə tutulub.

Qısa fasilədən sonra İTV-də idman həyəcanı tam sürətlə davam edəcək.

Bu dəfə planetin ən möhtəşəm idman yarışması, iyulun 26-dan avqustun 11-nə kimi davam edəcək “Paris-2024” Yay Olimpiya Oyunları idman həvəskarlarına təqdim olunacaq.

Bütün idmançılarımızın çıxışları, Olimpiadanın rekordlar, sevinc və üzüntü ilə zəngin olan ən maraqlı, emosional anları İTV-nin efirində yaşanacaq.