"Avropa Liqasını ya "Bayer" qazansın, ya da biz qazanaq"

"Avropa Liqasını ya "Bayer" qazansın, ya da biz qazanaq"

"Futbolçularımı təbrik edirəm. Bir az narahatlığım var idi. Bəzi oyunçular oyun ritmindən uzaq idilər. Meydanda hardasa hiss olundu. Bir az boşluqlarımız oldu. "Zirə" həmin fürsətlərdən istifadə edə bilmədi. Ümumən maraqlı oyun oldu və vacib 3 xal qazandıq".

Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan Premyer Liqasının 26-cı turunun 3:1 hesabı ilə başa çatan "Zirə" ilə ev oyununu şərh edən təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.


Medina uzun fasilədən sonra qayıtdı. O, tam olaraq hazırdır, "Bayer"lə oyunda komandaya tam kömək edə bilər?

- Yenidən yaşıl meydanlara döndüyü üçün sevinirik. Amma fikir verdinizsə, ağır idi. Optimal formasını qaytarmaq üçün bir az vaxt lazım olacaq. "Bayer"lə oyunda hansısa dəqiqələrdə lazım olsa, biləcəyik ki, Kevin var. İstənilən an meydana çıxa bilər. Bu, bizim üçün üstünlükdür.

Sizin özünüz və futbolçularınız haqqında yalan-gerçək transfer informasiyaları yayılır. Buna və azarkeşlərin "Bizi finala çıxar" şüarına münasibətinizi öyərnmək istərdik.

- Hər iki suala birlikdə cavab vermək istəyirəm, biz bu fikirlərdən uzaq olmalıyıq. Fikrimizi tam olaraq "Bayer"lə oyuna yönəltməliyik. Bəzən real olmayan bir şeydən danışmaq düzgün çıxmaz. İstənilən qalibiyyət bizim üçün sevincdir. Fikrimizi şüarlara, yazılara yönləndirməyək.

Benzia və Juninyonun vəziyyəti necədir? Demişdiz ki, Juniyonun zədəsi 70 faiz ciddidir.

- Benzia ilə bağlı hər şey normaldır. Juninyonun durumu isə düşündüyümüzdən daha yaxşıdır. Hələ qarşıda günlər var. Əsas heyətdə olmasa da, sonradan meydana girmək şansı var.

Mərhələ keçmək şanslarınızı necə dəyərləndirirsiz? Nəzərə alaq ki, Elvin və Julio Romao da meydanda olacaq.

- Onların qayıtması üstünlükdür. Orada daha intizamlı olmalıyıq. Rəqib öz azarkeşlərinin önündə oynayacaq. Leverkuzendə temp buradakından daha yüksək olacaq. Buna dözməliyik. Bugünədək fikrimiz "Zirə" ilə matçda idi. Vaxtımız var, sabahdan başlayaraq həmin oyuna hazırlaşacağıq. Futbolçular çox yorulub. Onların durumuna görə heyət quracağıq.

Avropada yaşayan türklər "Qarabağ"a dəstək kampaniyası başladıblar ki, Leverkuzendə "Qarabağ"a dəstək olsunlar. Bu, sizə nə dərəcədə kömək edəcək?

- Çox kömək olacaq. Dəfələrlə demişəm ki, azarkeş futbolun inkişafı üçün səbəbdir. Futbolçu dəstəyi hiss edəndə daha güvənli, istəkli olur. Belə bir kampaniya başlayıbsa, onlara təşəkkür edirəm. Qardaşlarının yanında olurlar. Bizim Avropadakı oyunlarımızda öz azarkeşlərimizlə bərabər türklər də yanımızda olublar. Bu, bizim üçün böyük bir motivasiyadır.

"Bayer"lə ilk oyundan öncə çox inamlı idiz, bunu ertəsi gün nəticədə də gördük. Bəs indi - cavab oyunu öncəsi nə vəd verə bilərsiz, nəyə ümidlisiz?

- Oyundan öncə keçirilən mətbuat konfransında deyərəm də (gülür). Əlbəttə ki, inam olmasa, heç meydana çıxmağa dəymir. Futbolçular inamı ilk olaraq məndə hiss etməlidir. Həmişə real baxmalıyıq. Çox yaxşı komandaya qarşı oynayacağıq. "Bayer" komplekt şəkildə güclüdür. Futbolçular bir-birini tamamlayır. Ən təhlükəlisi də odur ki, futbolçuları acdır. Böyük titullar əldə etmək istəyirlər. Eynilə baş məşqçiləri. Böyük futbolçu olub. Onun ambisiyası böyük məşqçi olmaqdır. Böyümək üçün böyüklərə qalib gəlmək lazımdır. İnam həmişə olacaq. Çalışacağıq ki, onlara qarşı yaxşı mübarizə aparaq. Oyunun sonuna qədər dözmək bizim üçün çox vacibdir. Buradakı matçın 70 dəqiqəsində Azərbaycan çempionatındakı 90 dəqiqəlik enerjini sərf etmişdik. Böyük futbol belədir. Bunu bir oyunda etmək olar. Bunun yorğunluğunu çıxarmaq üçün daha çox vaxt lazımdır. Orqanizm buna öyrəşməyib. Kloppun bir açıqlaması var. Bilirik ki, İngiltərə Premyer Liqası digər çempionatlardan fərqlidir. O demişdi ki, Çempionlar Liqası matçları daha çətin, ağır keçir. Məsuliyyət belədir. Orada hamı çox ciddi yanaşır. Biz məğlub ola bilərik. Amma böyük komandalara qarşı mübarizə aparmağı qarşımıza məqsəd qoymalıyıq. Bunu minimum edə biləcəyik.

Almaniyaya səfəriniz zamanı Şabi Alonso ilə görüşdə ona Bundesliqanı, Avropa Liqasını qazanmağı arzulamışdız. İndi hansı fikirdəsiz?

- Hə, fikrimdə qalıram (gülür). Ya o qazansın, ya da biz qazanaq. Bəli, demişdim. Düşünməzdim ki, yenə rəqib olarıq. Hansı millətdən olmasının fərqi yoxdur, bir insan haqq etdiyini alırsa, buna ancaq sevinirəm. Alonsonun çox böyük futbolçu karyerası olub. Öz işinə əsl peşakar kimi yanaşır. Bu gün Bundesliqada 1-ci yerdə olmağa layiqdir. Avropa Liqasında qalib olsa, bunu haqq edir.

Elvin