Avropa Liqasını 3 dəfə qazanmış portuqal: "Qarabağ" Avropada kifayət qədər tanınan komandadır"

Avropa Liqasını 3 dəfə qazanmış portuqal: "Qarabağ" Avropada kifayət qədər tanınan komandadır"

Mediasport.az Portuqaliya millisinin və “Braqa”nın sabiq qapıçısı, karyerası ərzində ölkəsinin “Portu” və İspaniyanın “Sevilya” klubları ilə UEFA Avropa Liqasının üçqat qalibi olmuş “Betu” ləqəbli Antoniu Albertu Baştuş Pimparelin AZƏRTAC-a müsahibəsini təqdim edir:


"Braqa" komandası Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq. Şansları necə qiymətləndirirsiniz?

- "Braqa" Portuqaliyanın ən köklü klublarından biridir. Komanda ölkə çempionatında dördüncü yerdə qərarlaşmasına baxmayaraq, mövsümün hazırkı hissəsinə kimi göstərdiyi oyuna əsasən, cütün favoriti hesab oluna bilər. Artur Jorjenin komandası Çempionlar Liqasının qrup mərhələsində İspaniyanın "Real Madrid", İtaliyanın "Napoli" və Almaniyanın "Union" klublarına qarşı oyunlarda Sübut etdi ki, böyük rəqiblərə qarşı layiqincə mübarizə aparmaq gücündədir.

"Qarabağ" haqqında məlumatınız var? Azərbaycan təmsilçisini necə xarakterizə edərdiniz?

- "Qarabağ" Avropada kifayət qədər tanınan komandadır. Bu klubun son illər avrokuboklarda uğurlu çıxış etdiyini bilirəm. Azərbaycan təmsilçisi güclü oyunçulara sahib rəqabətli kollektivdir.

Bəs Azərbaycan futbolu haqqında nə bilirsiniz?

- 2013-cü ildə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliyada yığmanıza qarşı keçirilmiş oyunda heyətdə olmuşam. Təəssüf ki, həmin matçda meydana çıxmaq şansı qazanmadım və sonadək ehtiyatda qaldım. Açığı, Azərbaycan futbolu haqqında elə çox məlumata sahib deyiləm. Daha çox “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışlarını xatırlayıram.

"Qarabağ" indiyədək avrokuboklarda güclü komandaları məğlub etməyi bacarıb. Sizcə, “Braqa” da bu cür aqibətlə üzləşə bilərmi?

- Bunu yalnız zaman və meydandakı oyun göstərə bilər. Düşünürəm ki, hər iki komanda üçün yaxşı matç olacaq. "Qarabağ"a qarşı görüş "Braqa"nın "Benfika", "Portu" və "Sportinq" kimi rəqiblərlə mübarizəsi üçün bir sınaq olacaq. Fikrimcə, Portuqaliyada və Azərbaycanda keçiriləcək görüşlər kifayət qədər maraqlı, eyni zamanda gərgin alınacaq.

2012-2013 mövsümünün birinci yarısını "Braqa"da keçirmisiniz. Sizin dövrünüzdəki komanda ilə indiki arasında fərq çox böyükdür?

- O vaxtdan bu günə qədər klub prezidenti akademiyaya və təcrübəli oyunçulara yatırım etməklə davamlı inkişafa şərait yaradıb. İndi "Braqa" çox irəli gedib. Komandanın həm yerli çempionatda, həm də avrokuboklarda uğurlu çıxışı bunun göstəricisidir.