"Utancverici məğlubiyyətdir, başqa nəsə deyə bilmirəm" - MÜSAHİBƏ
Mediasport.az 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyevin "Report"a müsahibəsini təqdim edir.
Şimali İrlandiya və İngiltərəyə qarşı matçlarla bağlı nə düşünürsünüz?
- Seçmə mərhələnin son iki oyununda böyükhesablı məğlubiyyət çox bərbad göstəricidir. Belə nəticələr gözləmirdik. Utancverici məğlubiyyətdir, başqa nəsə deyə bilmirəm.
Ümumiyyətlə, problemimiz nədir? Niyə bu cür komandalarla oyunlarda çətinlik çəkirik?
- Problemlər çoxdur. Tək bu səviyyədə olanlar deyil, bütün komandalara qarşı əziyyət çəkirik. Sadəcə, burada açıqlamaq istəmirəm. Çünki dediyim sözlər bəhanə kimi qəbul olunacaq. Səbəblər çoxdur… Məsuliyyəti futbolçuların üzərinə atmaq istəmirəm, mənim boynumdadır. Çünki nəticələrə mən cavabdehəm. Çətin olacağını bilirdim. Futbolçuları əvəzedicilərdən, Premyer Liqa oyunlarından izləyirdik.
Düzdür, baş məşqçi kimi özünüzü günahlandırırsınız. Amma meydanda oynayan futbolçulardır. Məsələn, qapıçı Rüstəm Samiqullin ciddi səhvlərə yol verirsə, buna baş məşqçi nə edə bilər?
- İki ilə yaxındır U-21-in baş məşqçisiyəm. Təyinatımdan bəri, istər rəsmi, istər yoldaşlıq oyunları olsun, təqribən 50-yə yaxın futbolçuya şans vermişik. Qarşımıza qoyulan məqsəd o idi ki, mümkün qədər yaxşı çıxış edək, yeni futbolçular üzə çıxaraq. Yoxladığımız futbolçular arasında 6 qapıçı da var idi. Samiqullinlə yanaşı, Yusif İmanov, Amin Ramazanov, Eldar Tağızadə və Rza Cəfərova da şans vermişik. Sonuncu yoldaşlıq matçında Xəyal Fərzullayevi də yoxlamışdıq. Baxmayaraq ki, İngiltərə ilə oyunda “odun-alov”un içinə atmışdıq. Xəyala demişdim ki, “qorxma, oyna”. Düzdür, çox kobud səhvlərdən sonra qollar buraxdıq. Adi, elementar epizodlarda səhvə yol verirdik. Belə olmamalı idi. İngiltərə ilə oyun canlı yayımlanırdı.
Lakin ekran qarşısında görünənlə stadiondakı ab-hava başqadır. Oyundan əvvəl, səhv etmirəmsə, 18 min bilet satıldığını demişdilər. 18000 azarkeş önündə futbolçularımız çox həyəcanlı idilər. Bunu hiss edirdim, görürdüm. Bundan əlavə, İngiltərənin ilk 15-20 dəqiqə ərzində təzyiq edəcəyini bilirdik. Futbolçuların ustalıq səviyyəsində yerlə-göy qədər fərq var. 15-20 dəqiqə dözməyə çalışırıdıq, təəssüf ki, elə ilk dəqiqədə qol buraxdıq. Buna baxmayaraq, bir hissə yaxşı-pis müqavimət göstərdik. İkinci hissədə isə uşaqlarda artıq o güc yox idi. Qaçırdılar, çalışırdılar, amma xeyri yox idi. Bir də ki, 3 gün ərzində iki oyun keçirmək çətindir. Nəinki biz, daha hazırlıqlı futbolçular da belə vəziyyətdə çətinlik yaşayırlar. Bunun da rolu oldu. Son 10-15 dəqiqə ərzində, ümumiyyətlə, heç nə edə bilmədik. Güclü rəqabət də yoxdur ki, heyətdə 7-8 nəfəri dəyişəsən. Bəhanə gətirmək deyil, öz boynuma götürmək istəyirəm.
Onsuz da istənilən qapıçı səhvə yol verir. O zaman Rüstəmin əvəzinə qapını başqa, yerli qapıçıya həvalə etmək olmazdı?
- Siz Samiqullini deyirsiniz. Şimali İrlandiya ilə Azərbaycanda keçirdiyimiz matçda Yusif İmanova şans vermişdim. Rəqib künc zərbəsindən sonra qol vurdu. Halbuki İmanov həmin topu çıxarmalı idi. Yerli qapıçı məsələsinə gəlincə, Böyük Britaniyaya yollananda viza problemləri ilə üzləşdik. Bir Samiqullinin, bir də Xəyal Fərzullayevin vizası var idi. Üçüncü qapıçı Rəvan Kazımov isə bizimlə ilk dəfə səfərə gedirdi. O da zədəli idi, gipsi qolundan yenicə çıxarmışdı. Yusif İmanovun viza problemi var, Rza Cəfərov əsas yığmadadır, Amin Ramazanov zədəlidir, 6 aylıq sıradan çıxıb. Demək olar ki, səfərə iki qapıçı ilə getmişdik. Zədəli Rəvanı isə formal olaraq aparmışdıq. İngiltərəyə gedəndə 6 qapıçı üçün viza açdırmışdıq.
Qapıçıları hardasa anlamaq mümkündür, təzyiqlər çox olur. Bəs hücumçuların problemi nədir? Məsələn, Musa Qurbanlı və Nəriman Axundzadə niyə özlərini göstərə bilmədilər?
- Düzdür, qapıçılar təzyiq altında olurlar. Amma onlar Azərbaycan çempionatında həmin ab-havada oynamırlar. Hücumçular da çalışırlar. Amma səviyyəmiz budur. Bu gün Azərbaycanın aşağı yaş qruplarından ibarət, həmçinin əsas komandalarının futbolçularını bir yerə yığsaq, İngiltərə millisinin bir oyunçusunun dəyərinə çatmaz. İngiltərə yığmasının üzvləri Premyer Liqada, ən pis halda Çempionşipdə daim oynayırlar. Nərimanın da qol vurmaq şansları oldu. Musa Qurbanlı bir zərbə vurmağa imkan tapdı. Belə oyunlarda cəmi bir-iki şans olur. Musa zədədən yeni qayıtmışdı. Əvvəlki klubunda da problemlər yaşamışdı. Tam formada deyildi. Hazırda cəmi 50-60 dəqiqə oynamağa hazırdır.
Azərbaycan Premyer Liqasında 21 yaşadək futbolçularla bağlı limitin ləğvi bu nəticələrdə nə dərəcədə rol oynadı?
- Əlbəttə, oldu. Amma araşdırın, görün hansı futbolçular son bir neçə ayda nə qədər oynayıblar? Ola bilər ki, əvəzedicilərdə, I Liqada oynayıblar. Amma bu o demək deyil ki, limit olsaydı, İngiltərə yığmasını uda bilərdik. Fiziki cəhətdən hazır ola bilərdilər, amma nəinki bu il, 5-10 ildən sonra belə İngiltərə ilə başabaş oynamağımız mümkün deyil. Hər kəs öz yerini bilməlidir. Amma “dişimizə görə" rəqiblərlə oynamalıyıq. Serbiyaya Bakıda məğlub olduq, amma statistik göstəricilərdə hərtərəfli üstün idik. Şimali İrlandiya ilə matçda künc zərbəsindən qol vurdular, biz penaltidən yararlana bilmədik. Bundan əlavə, əvvəlki məşqçilərin, məsələn, Milan Obradoviçin zamanında limit var idi. Amma bunun xeyri olmurdu. Obradoviçin rəhbərliyi altında komanda Avstriyaya 0:6, Fransaya 0:5, Xorvatiyaya 1:5 hesabı ilə uduzmuşdu.
Tsiklə başlayanda ən azı 10 xal qazanacağımıza ümidlər vardı. Sonda qrupu 3 xalla bitirdik...
- Əlbəttə, qrupu 3 xalla bitirmək yaxşı deyil. U-21-ə təyin olunanda uşaqları artıq tanıyırdım. Çox ümidli idim ki, bu komanda ilə ortaya nəsə çıxaracağıq. Püşkatmada da bəxtimiz gətirmədi. Lüksemburq dünən bizdən geridə idi, bu gün bərabər səviyyədədyik. Sabah da yəqin ki, öndə olacaqlar.
Yığmada olduğunuz iki il müddətində nəyi dəyişə bilmişdiniz?
- Bizdən asılı olan və olmayan səbəblər var. Açıqlamaq istəməzdim. Sadəcə, futbolçuların sayında dəyişiklik etmişik. Təlim-məşq toplanışında hər dəfə 50-dən çox futbolçu yoxlayırdıq. Komandanın özəyini formalaşdıra bilmədik.
AFFA-ya hesabatınızda nələri qeyd edəcəksiniz?
- Mən artıq qərarımı vermişəm. Əslində, U-21-in baş məşqçi postundan ayrılmaqla bağlı qərarımı son iki oyundan əvvəl vermişdim. Sadəcə, qaçıb getmək istəmədim. Çoxları futbolçuların hansı durumda olduğunu bilmirdilər. Düzdür, belə faciəni gözləmirdim. Amma uğursuzluq olacağını hiss edirdim. Komandanı belə vəziyyətdə qoyub getmək istəmədim. Qaçmaq kişilikdən deyil. Əvəzimə başqasını gətirəcəkdilər, o da eyni nəticə göstərəcəkdi. Bundan da pis ola bilərdi. Futbolçularla sağollaşdıq, çünki bəziləri artıq komandada olmayacaq. Qarşıda iki yoldaşlıq görüşü nəzərdə tutulub. Amma yeni yığılan komanda ilə olacaq. Qərarımı qətiləşdirmişəm, AFFA-da müəyyən insanlara da fikrimi çatdırmışam. Birincisi, mənim komandada qalmağım düzgün deyil. İkincisi, ispan, portuqal və ya azərbaycanlı məşqçi olsun, kim baş məşqçi postuna təyin olunacaqsa, böyük ölçüdə heç nəyi dəyişə bilməyəcək. Çünki 10 komandalı Azərbaycan Premyer Liqasında oyanırsan, heyətində 21 yaşadək bir futbolçu yoxdur. Nəyi dəyişəcəksən? Bəlkə püşkatmada bəxtin gətirə, zəif rəqib düşə, ya da hansısa oyunlarda 6-7 xal qazanarsan. Amma bununla yalnız özümüzü aldadırıq. Bu günə kimi 6-7 xal yığdığımız görüşlər olub. Nə dəyişib?
Bir mütəxəssis kimi çıxış yolunun nədən ibarət olduğunu düşünürsünüz?
- Üç əsas meyar var. Birincisi, infrastruktur olmalıdır. İnfrastruktur dedikdə məşq meydanlarının sayının çoxluğunu nəzərdə tuturam. İkincisi, kütləvilik yaranmalıdır. Meydan olmaya-olmaya rayonlarda kütləvilik yaratmağa çalışırıq. Üçüncüsü, təhsildir. Söhbət ümumi təhsildən gedir. Məşqçilər maarifləndirilməlidirlər. Dayanmamalı, daim oxuyub öyrənməli, öz üzərimizdə çalışmalıyıq. Bilirsiniz, bu, bünövrəsi olmayan evə qəşəng dam örtüyü düzəltməyə bənzəyir. Bu gün bünövrəmiz bərbaddır. Daha sonra klubların sayını artırmaq, uşaq futbolu gəlir.