Azarkeşləri oturacaqları sındırıb "Qarabağ"ı ziyana saldı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
mediasport.az xəbər verir ki, iclasda bəzi qərarlar verilib.
Premyer Liqanın XIV turunun “Şamaxı” - “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 10 nömrəli oyunçusu Vüsal İsgəndərli oyundan sonra öz texniki zonasında olan oturacaqları qəsdən sındırdığına görə o, 1 oyun oyunlardan kənarlaşdırılsın və klub 2400 manat cərimə edilsin və stadiona dəymiş ziyan "Sumqayıt" futbol klubu tərəfindən tam ödənilsin (maddə 65.1; maddə 65.2).
XIV turun “Neftçi” - “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39). Matç bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilsin (maddə 49.2).
XIV turun “Kəpəz” - “Turan Tovuz” matçında oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Kəpəz" 1600 manat cərimə edilsin (maddə 49.2). “Turan Tovuz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39).
XIV turun “Sabah” - “Qarabağ” matçında oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün “Sabah” klubu 1600 manat cərimə edilsin (maddə 49.2). Qarşılaşmada qonaq komandanın azarkeşləri tərəfindən 54 ədəd oturacağın sıradan çıxarılmasına görə dəymiş ziyan “Qarabağ” tərəfindən stadiona tam ödənilsin (maddə 49.4).
AFFA U-12 Qızlar Liqasının”Turan Tovuz” - “Gəncə İdman Liseyi” oyununda Gəncə komandasına əsasnaməyə uyğun yaş limiti qaydasını pozduğuna görə 0:3 hesablı məğlubiyyət verilsin. (maddə 50.5)