"Məğlub olsaydıq da, komandadan razı qalacaqdım" - ƏHMƏDOV
"Maraqlı oyun oldu. Bilirdik ki, "Turan Tovuz" əks-hücumda oynayan komandadır. Ayxan Abbasov illərdir komandalarını bu taktika ilə oynadır. Rəqibi təzyiq altında saxladıq, meydanın özünə aid hissəsindən çıxmağa imkan vermədik. Yaradılan qol epizodları dəyərləndirilsəydi, birinci hissədə məsələ həll oluna bilərdi. Bu gün məğlub olsaydıq da, komandadan razı qalacaqdım. Son dəqiqələrdə "Turan Tovuz"un iki epizodu oldu. 90 dəqiqə hücumda oynayan komandanın müdafiədə boşluqlar verməsi normaldır. Heç-heçə hər iki komanda üçün ədalətli nəticədir. Məqsədimiz hücum futbolu nümayiş etdirməkdir".
mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"la (0:0) oyundan sonra "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov deyib.
Ehtiyat oyunçular skamyası sizi nə dərəcədə razı salır?
- Akademiyaya daha çox üstünlük vermişik. Əvəzedici heyətdən 17 yaşlı oyunçu gətirmişik. Bu gün qarşımıza mükafatçılar sırasına düşmək məqsədi qoyulmayıb. Akademiyada yetişən futbolçulara üstünlük veririk ki, onlar da Premyer Liqanın ab-havasını hiss etsinlər. Qışda komandaya yeni futbolçular cəlb olunacaq. Bu gün əlimizdə olanlarla nəticə əldə edəcəyik. Oyunu dəyişəcək futbolçulara daha çox ehtiyac var.
Çempionatda yaranan fasilədən necə yararlanacaqsız?
- Fasilədən səmərəli istifadə etməliyik. Çatışmazlıqların üzərində işləyəcəyik.
Komandadan göndəriləcək oyunçuları müəyyənləşdirmisiz?
- İndi açıqlanacaq bir şey deyil. Ola bilər ki, 1-2 futbolçu yola salınsın. Bizimlə olan hamı dəyərlidir, onlardan istifadə etməyə çalışırıq. Bu gün kimlərin gedəcəyini açıqlamaq düzgün deyil.
İlk hissənin sonunda Ahmed Ayzaya ilə Orxan Sadıqlı arasında narazılıq yaşandı. Buna münasibətiniz necədir?
- İki qərb komandası qarşılaşırdı. Ona görə emosiyalar pik həddə idi. Elə şeylərə çox da önəm vermirik. Meydanda baş verənlər unudulur. Bütün dünyada belə hadisələr baş verir. Təbii qarşılamaq lazımdır. Bu gün komandanın oyunu mənim üçün daha önəmlidir.
Milli fasilədən sonra növbəti turdakı rəqibiniz "Şamaxı" son iki oyunda 6 xal toplayıb. Bu məqam sizi narahat edir?
- Xeyr. Məni turnir cədvəlindəki vəziyyət də narahat etmir. Hər komandanın uğurlu və uğursuz dövrü olur. Hər halda layiqli qələbələr qazanırlar. Biz də çalışacağıq ki, qələbələr qazanaraq fanatlarımızı sevindirək. Hər şeyi analiz edirik. Amma bunun məni qorxudacaq bir tərəfi yoxdur. İlk sıralarda gedən bəzi komandalardan da xal almışıq. Mənim üçün səfər və ev anlayışı yoxdur. Çalışıram ki, komandam qələbə ruhunda olsun.