Azərbaycan millisi və "Neftçi"nin üzvü üçün RƏSMİ təklif gəldi
Premyer Liqanın qalan hissəsi üçün hazırlıqları davam etdirən "Turan Tovuz" heyəti gücləndirməklə məşğuldur.
Qış təlim-məşq toplanışını Antalyada keçən Qərb klubunun braziliyalı vinger Aleks de Souza ilə gücləndiyini dünən xəbər vermişdik.
Mediasport.az saytının əldə etdiyi informasiyaya görə, tovuzluların baş məşqçisi Ayxan Abbasov bu dəfə "Neftçi"nin yarımmüdafiəçisi Fərid Yusiflini gözaltı edib.
Bölgə təmsilçisi "ağ-qaralar"da əsas heyət üzü görməyən 22 yaşlı futbolçunu mövsümün sonunadək icarəyə götürmək məqsədilə qarşı tərəfə rəsmi müraciət göndərib.
U-21 Azərbaycan millisinin kapitanı ilə bağlı yekun qərar yaxın 2-3 gündə veriləcək.
Qeyd edək ki, Yusiflinin paytaxt klubu ilə anlaşması 2024-cü il iyunun 30-na qədərdir.