Çempion "Sabah"ın avrokuboklarda oyunlarının vaxtları müəyyənləşib
Azərbaycanı UEFA-nın Gənclər Liqasında təmsil edəcək “Sabah”ın U-19 komandasının rəqibinin müəyyənləşəcəyi tarix və oyunlarının vaxtı məlum olub.
Mediasport.az xəbər verir ki, yeni formatda keçiriləcək 2024/2025-ci illər mövsümünün Çempionlar yolunun püşkü sentyabrın 3-də İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə atılacaq.
Əvvəlki illərdən fərqli, növbəti mövsümdən Çempionlar yolu 2 deyil, 3 mərhələdən ibarət olacaq. “Sabah”ın ilk raunddakı rəqibi, həmçinin digər mərhələlərdə qarşılaşa biləcəyi komandalar da bu zaman müəyyənləşəcək.
Tarixində ilk dəfə Gənclər Liqasında oynayacaq “Sabah”ın qatıldığı turnirin ilk mərhələsinin matçları sentyabrın 18-də və oktyabrın 2-də keçiriləcək.
2-ci raund oktyabrın 23-də və noyabrın 6-da, 3-cü mərhələ noyabrın 27-də və dekabrın 11-də baş tutacaq.
“Sabah” üç mərhələ adlasa, 1/16 finala yüksələcək. Bu raundda Çempionlar Liqası yolundan 22, Çempionlar yolundan 10 komanda mübarizə aparacaq.
Qeyd edək ki, Gənclər Liqasının XXXI turunun dünənki ev matçında “Kəpəz”i 5:0 hesabı ilə məğlub edən “Sabah” sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.