Bakıda səfərdə olan Türkiyə prezidenti Şəhidlər xiyabanını ziyarət etdi
Azərbaycan Respublikasında dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib.
mediasport.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Rəcəb Tayyib Ərdoğan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.
Ali qonaq Xatirə kitabına ürək sözlərini yazıb.
Türkiyə prezidenti daha sonra Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.