"Belə matçlarda hətta böyükhesablı məğlubiyyət olsa belə, çəkinmirəm"

 "Belə matçlarda hətta böyükhesablı məğlubiyyət olsa belə, çəkinmirəm"

Sabah UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Leverkuzendə "Bayer"in qonağı olacaq "Qarabağ" Almaniyada matçın keçiriləcəyi "BayArena"da oyunqabağı məşqinə çıxıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov öncə mətbuat konfransında iştirak edib.

Təcrübəli mütəxəssis sabahkı qarşılaşma haqda düşüncələrini bölüşüb, sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çox güclü rəqibə qarşı oynayacağıq. Bu komandaya maksimum ciddi yanaşmalı, diqqətli olmalıyıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Hər bir məqama real yanaşmalıyıq. Bu gün rəqibin keyfiyyəti, bacarığı bizdən yuxarıdır. Ona görə belə matçlarda hətta böyükhesablı məğlubiyyət olsa belə, çəkinmirəm. Şübhə etmirəm ki, "Bayer"ə qarşı da ən yaxşı oyunlarımızdan birini göstərə biləcəyik.


Sabah xal və ya xallar qazanmaq üçün komandanı necə motivasiya etməyi düşünürsünüz?

- Hər rəqibə qarşı hazırlıq proqramı fərqlidir. Tək mən yox, futbolçular da oyunun gedişində bu komandanı yaxından tanımalıdırlar. Bacardığımız qədər oyunçuları rəqiblə tanış etdik. Bu cür komandarla oyunda motivasiya vermək həm asan olur, həm də çətin. Təcrübəmizə görə daha asan olacaq. Belə oyunlarda həmişə istəmişəm ki, futbolçular daha çox döyüşsün. Bacardığımız qədər motivasiya etmişik. İnanmıram ki, futbolçular sona qədər meydanda oyun intizamını qoruyub-saxlaya biləcəklər.

Start heyəti müəyyənləşdirmisiz?

- Bəli, müəyyən etmişəm. Demək olar ki, heyət hazırdır. Sadəcə, oyunun gedişatında hansısa dəyişikliklər ola bilər.

"Qarabağ" son illərdə Almaniya klubları ilə tez-tez qarşılaşır. Sonuncu dəfə də Bundesliqanın liderlərindən biri ilə rəqib idiz. Bu görüşdən öncə həmin oyunla bağlı müzakirələr aparmısız?

- Bundesliqa ən intizamlı oyun göstərən klubların liqalarındandır. Onlar üçün çempionat oyunu, avrokubok oyunu və ya zəif rəqibin fərqi yoxdur. Hər matça çox məsuliyyətli çıxırlar. Bütün sahələrdə alman intizamı var. Bu, məni narahat edən amillərdən biridir. Bunu əvvəlki rəqiblərlə oyunlarda da hiss etmişik. "Bayer" tam fərqli komandadır. Burada ispan düşüncəsi var. Topla davranışlarını, yəqin ki, izləmisiz. Rəqibin baş məşqçisini hamımız bir lider kimi tanıyırıq. Şabi Alonso futbolda ən böyük adlardan biridir. "Bayer"in bu günə kimi olan nəticələri boşuna deyil. Biz belə oyunlarda ancaq böyüyürük. Hər şeyə real yanaşmalıyıq. Son illərdəki təcrübəmiz daha kompakt oynamağa şərait yaradacaq. Böyükhesablı məğlubiyyət olsa belə, bu cür oyunlardan çəkinmirəm.