Yassin Benzia "Qarabağ"da qalır, yoxsa gedir? - Cavabı belə oldu
"Qarabağ"da xoşbəxtəm, Azərbaycanda özümü çox əla hiss edirəm. İndi bütün fikrimi çempionluğu qeyd etməyə və kubokun finalına yaxşı hazırlaşmağa yönəltmişəm".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın vingeri Yassin Benzia deyib.
Ağdam klubunun aparıcı üzvü yeni mövsümə harada başlayacağı ilə bağlı tam qərarını vermədiyini açıqlayıb:
"Hazırda "Qarabağ"ın futbolçusuyam və bundan məmnunam. Sabah nə olacağını zaman göstərər. Əlbəttə, karyeramı burada davam etdirmək, azarkeşləri sevindirmək xoşdur. Lakin indi düşündüyüm tək şey var: kubokun finalına yüksək səviyyədə hazırlaşmaq və mövsümü "qızıl dubl"la başa vurmaq. Hələliksə çempionluqdan həzz almağa çalışıram".
Xatırladaq ki, "köhlən atlılar"ın formasını 2023-cü ilin yanvarından geyinən Əlcəzair millisinin üzvü rəsmi matçlarda 27 oyuna 13 qol vurub, 10 assistlə yadda qalıb.
"Qarabağ"la müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq 30 yaşlı futbolçu ilə Fransa və Səudiyyə Ərəbistanı klubları maraqlanır.