"Braqa"nın braziliyalı futbolçusu: "Hadisələrin axarını dəyişə bilərik"
"Azarkeşlər tənqid etməkdə haqlıdırlar, onları anlayırıq. Bizdən daha yaxşı oyun, nəticə gözləyirlər. Malışacağıq ki, “Qarabağ”la cavab matçında əzmkar mübarizə göstərib sərfəli nəticə qazanaq".
Mediasport.az xəbər verir ki, bu sözləri Portuqaliya mətbuatına açıqlamasında UEFA Avropa Liqasının keçid pley-offunda "Qarabağ"ın rəqibi "Braqa"nın futbolçusu Vitor Karvalyu deyib.
27 yaşlı braziliyalı yarımmüdafiəçi evdə Ağdam klubuna 2:4 hesablı məğlubiyyəti şərh edib. Karvalyu deyib ki, Azərbaycan çempionunun ikinci qolu onları ruhdan salıb.
"İstədiyimiz kimi mübarizə apara bilmədik. “Qarabağ”la oyunda komandamızda döyüşkənlik, fədakarlıq ruhu çatışmırdı. Rəqib də bizi yaxşı analiz etmişdi. Vəziyyətlərdən necə istifadə etməli olduqlarını bilirdilər. İkinci qolu buraxdıqdan sonra bizdə inamsızlıq yarandı. Artıq cavab görüşünə hazırlaşmalıyıq. Əsasən müdafiədə ehtiyatlı olmalıyıq. Hadisələrin axarını dəyişə bilərik. Hər şey özümüzdən asılıdır. İndi növbəti çempionat matçında qələbə qazanaraq motivasiyamızı artırmalı və "Qarabağ"la cavab görüşünə hazırlaşmalıyıq”.
"Köhlən atlar"ın portuqaliyalılarla cavab oyunu fevralın 22-də Bakıda keçiriləcək və saat 21:45-də başlanacaq.