"Bu cür xırda məqamlar irəli getməyə imkan vermir" - Maksim Medvedev

"Bu cür xırda məqamlar irəli getməyə imkan vermir" - Maksim Medvedev

"Qarabağ"ın kapitanı Maksim Medvedev "Frayburq"la qeydə alınan 1:1 hesablı heç-heçədən sonra matç haqda fikirləini bölüşüb.

mediasport.az xəbər verir ki, təcrübəli futbolçu görüşün baş hakiminin "Qarabağ"a qarşı antipatiya nümayiş etdirdiyini deyib.

- Hamımız oyunun önəmini başa düşürdük, çox yaxşı hazırlaşmışdıq. Amma meydanda nə qədər vuruşsaq da, bəzi şeylər alınmırdı. Ümumi götürəndə komanda əlindən gələni etdi. Nə bcarırdısa, onu göstərdi. Hakim də bizə qarşı qərəzli mövqe tuturdu. Ən azı kənardan belə görünürdü. Qol vururuq, saymır, VAR-a baxır. Sonra penalti epizodu oldu. Nəticədə bir az stressə girdik və kobud oynamağa başladıq. Bu səbəbdən Kevin Medina da qırmızı vərəqə aldı. Bununla belə, sonadək mübarizə apardıq. Azlıqda qalsaq da, bərabərlik qolunu vura bildik".

Medvedev öz oyunları ilə yanaşı, Yunanıstanda "Olimpiakos" və "Nant"ı arasında keçirilən digər qarşılaşma ilə də maraqlandıqlarını vurğulayıb: "İlk hissədə hesab açılmamışdı. Matçdan öncə baş məşqçi tapşırmışdı ki, həmin oyunun necə bitməsinin bizim üçün fərqi yoxdur. Qalib gəlsəydik, digər nəticənin önəmi qalmırdı".

Maksimin sözlərinə görə, bəxt amili də 1/8 finala çıxmaqlarına təsir etdi: "Qol imkanlarından daha yaxşı istifadə edə bilsəydik, qrupdan 1-ci yerlə də çıxa bilərdik. Avropa Liqası Azərbaycan çempionatı deyil. Bura başqa səviyyədir. Bir səhvə görə rəqib səni cəzalandıra bilər".

Futbolçu Konfrans Liqasının pley-offuna vəsiqə qazanmalarının uğursuzluq kimi qələmə verilməsinə toxunub: "Azarkeşləri də başa düşmək olar. Bunu biz özümüz etmişik. Avrokuboklarda qruplara düşdükdən sonra fanatlar daha çox şey istəyirlər. Biz də bunu arzulayırıq. İrəli getmək üçün çox əziyyət çəkirik. Təəssüf ki, bəzi şeylər çatmır. İlboyu bu tempdə oynasaq, daha böyük nəticələrdən danışa bilərik. "Nant"la oyun üçün Fransaya getdik, ardınca Şamaxıya gəlib süni örtükdə oynadıq. Çox ciddi səviyyə fərqi var. Bu səbəbdən uyğunlaşa bilmirik. Səfərlər çox uzun olur. Bu cür xırda məqamlar irəli getməyə imkan vermir. Öz üzərimizdə daha çox işləməli, kimlərə qarşı oynadığımızı dərk etməliyik. Gələcəkdə daha yaxşı komanda görəcəyik".