Azərbaycan klubu “Yutub”da lətifə danışan baş məşqçiyə xəbərdarlıq etdi - "İŞDƏN QOVULACAQSAN!"
“Araz-Naxçıvan” rəhbərliyi klubun 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Ruslan Əmircanova şok xəbərdarlıq edib.
Mediasport.az Sportinfo.az-a istinadən xəbər verir ki, ona media ilə bağlı qadağa qoyulub.
Buna səbəb gənc mütəxəssisin “yutub” kanallarının birində təhqiramiz ifadələrdən istifadə etməsidir. Əmircanov son vaxtlar qatıldığı verlişlərdə davamlı olaraq qeyri-etik lətifələr və xoşagəlməz hadisələrdən danışıb.
Təbii ki, bu da birmənalı reaksiya doğurmur. Məşqçinin statusuna yaraşmayan leksikonu “Araz-Naxçıvan”a zərbədir.
U-19-un çalışdırıcısı ilə müvafiq söhbət aparılıb, ona klubun imicinə xələl gətirən davranışdan dolayı töhmət verilib.
Əmircanova izah olunub ki, yeniyetmə və gənclərlə işləyən məşqçi kimi bu hərəkətləri yolverilməzdir, etik kodeksə riayət etməlidir.
Bildirilib ki, belə hallar təkrarlanarsa, onunla müqavilə birtərəfli qaydada ləğv olunacaq.