"Burda hamı ürəklə oynayır, mümkün qədər irəli getməyə çalışacağıq"
"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Sumqayıt"la qarşılaşması haqqında fikirlərini bölüşüb.
1:0 hesablı qələbə barədə düşüncələrini paylaşan təcrübəli müdafiəçi mediasport.az saytına verdiyi açıqlamada "Sumqayıt"la oyunların çətin keçdiyini deyib.
Son matçda bu komandaya məğlub olduqlarına diqqət çəkən 30 yaşlı futbolçu növbəti görüşün də xeyli ağır keçdiyini bildirib:
"Rəqibin son oyunlarını analiz etmişdik, bizə də qalib gəlmişdilər. Xüsusən evdə yaxşı çıxış etdiklərini bilirdik. Diqqətli oynamağa, qol şansı verməməyə çalışırdıq. Düşünürəm ki, öhdəsindən gəldik, yaxşı oynayıb mərhələni keçdik. Belə qarşılaşmaların bir oyundan ibarət olması məsuliyyəti ikiqat artırır. Çünki səhv bağışlanmır. Qələbə qazanıb mərhələ keçdiyimiz üçün sevinirik. Qarşıdakı oyunlarda da maksimum irəli getməyə, nəticələrimizi daha da yaxşılaşdırmağa çalışacağıq. Növbəti mərhələdə rəqibin kimliyindən asılı olmayaraq, bacardığımız qədər irəli getmək istəyirik. Çətinliklərimiz, zədəli futbolçularımız çox olur, çox əziyyət çəkirik, buna baxmayaraq, əlimizdən gələnin yaxşısını etməyə çalışırıq. Burda hamımız ürəklə oynayırıq".