"Əgər əziyyət çəkirsənsə, Allah mütləq əziyyətin qarşılığını verir"
"Son matçımızdır, çox ciddi rəqibə qarşı oynayacağıq. "Olimpiakos" Avropa Liqasının qalibi olmağa iddialıdır".
Mediasport.az xəbər verir ki, bu sözləri sabah Yunanıstanda UEFA Avropa Liqasının əsas mərhələsinin "Olimpiakos"la 8-ci tur görüşündən öncə keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis meydan sahiblərinin kifayət qədər güclü və iddialı olduqlarını qeyd edib:
"Ötən mövsüm Konfrans Liqasının qalibi olublar. Bu il də istəkləri, hədəfləri böyükdür. Rəqibdə sürət, dinamika var. Yaxşı oyun göstərib yaxşı nəticə əldə etməyə çalışacağıq".
Qurban Qurbanov 16 ildir çalışdığı "Qarabağ"da keçdiyi yola dair verilən sualı belə cavablandırıb:
"Əlbəttə ki, asan deyil. Futbol kollektiv oyundur. İşin gedişatında daim dəyişikliklər olmalıdır. Yeni simalar, yeni futbolçular seçirsən.
Mənim bəxtim onda gətirib ki, çox yaxşı əllərdə oldum. Bizim yaxşı rəhbərimiz, idarəçilərimiz var. Komanda formalaşdırmaqda həmişə mənim yanımda olublar. Mütləq şəkildə daha işgüzar olmalı, işimizə daha çox vaxt ayırmalıyıq. Əgər əziyyət çəkirsənsə, Allah mütləq əziyyətin qarşılığını verir".
Xatırladaq ki, matç sabah Bakı vaxtilə saat 00:00-da start götürəcək.