"Bu nəticəyə, hesaba aldanmaq lazım deyil" - Qurban Qurbanov

"Bu nəticəyə, hesaba aldanmaq lazım deyil" - Qurban Qurbanov

"Hesab 4:2 oldu, amma bu, hələ ilk hissədir. Bu cür komandalar bu cür turnirlərdə istənilən nəticəni öz xeyirlərinə dəyişə bilərlər. Biz arxayınlaşmalı yox, əksinə cavab oyununda daha ciddi olmalıyıq. Futbolçularımı təbrik edirəm".

Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının keçid pley-off mərhələsinin ilk turu çərçivəsində Portuqaliyada "Braqa" üzərində 4:2 hesablı qələbəni şərh edib.

O, görüşün çox maraqlı keçdiyini deyib:

- Özümüz üçün də vacib idi ki, bu rəqibə qarşı sona kimi mübarizə aparaq, meydanda düzgün yerləşib, düzgün oyun sərgiləyək. Şükürlər olsun ki, hər şey bizim tərəfimizdə oldu. Bu, futbolçulara böyük inam verdi. Futbolçularım üçün çox sevindim ki, azarkeşlərin basqısına, rəqibin sürətli oyununa davam gətirdilər. Hələ cavab oyunu var. Cavab oyununda çalışacağıq ki, daha da diqqətli olaq".


Sizcə, nəticə oyuna görə oldu, yoxsa daha böyük hesablı nəticə qeydə alına bilərdi?

- Bu nəticəyə, hesaba aldanmaq lazım deyil. Qarşımızda "Braqa" kimi komanda var. Mən oyundan əvvəl də demişdim ki, bu rəqib istənilən oyunda, istənilən komandaya qalib gələcək gücdədidr. Çox bacarıqlı və keyfiyyətli oyunçuları var. Qapımıza təyin edilən penalti zamanı gördünüz, "Braqa" futbolçusunun fərdi ustalığı, sürətli olması gətirib penaltiyə çıxardı. Bu nəticəyə aldanmalı deyilik. Bakıda daha məsuliyyətli və diqqətli olmalıyıq.

Bakıdakı oyunda heyətlə bağlı dəyişiklik olacaq?

- Ola bilər ki, cüzi dəyişiklik olsun. Amma ciddi dəyişikliklər gözlənilmir.

"Qarabağ" cavab oyununa iki top fərqi ilə üstün başlayacaq. İkinci görüşdə taktiki olaraq buna uyğun davranacaqsız, yoxsa necə?

- Bizim ilk növbədə vəzifəmiz öz oyunumuzu qoruyub-saxlamaqdır. Ondan əl çəkməyəcəyik. Amma hansısa detalları dəyişməyə gəlincə, bu oyuna baxacağıq, tam analiz etdikdən sonra ola bilər ki, oyunun gedişatında hansısa dəyişiklik edək.