“Qarabağ” və “Neftçi”nin mövqeyi dəyişmədi, “Qəbələ” gerilədi
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.
Mediasport.az xəbər verir ki, avrokuboklarda pley-off mərhələsinin ilk oyunlarından sonra sıralamada bəzi dəyişikliklər qeydə alınıb.
Son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilən siyahıda ən yüksək reytinqli Azərbaycan klubu “Qarabağ”dır.
Ağdam təmsilçisi UEFA Avropa Liqasının pley-offunda Sloveniya komandası “Olimpiya”nı 2:0 hesabı ilə məğlub etsə də, bunun mövqeyinə təsiri olmayıb. Qurban Qurbanovun yetirmələri 24.500 xalla 62-ci yerdədirlər.
“Atlılar” reytinqdə “Mölde” (Norveç), “Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə bu pilləni bölüşdürürlər.
“Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 10.000 əmsalı olan “ağ-qaralar” 4 komanda ilə birlikdə 135-ci pilləni bölüşdürür. Adrian Mutunun kollektivi də yerində qalıb.
“Qəbələ” isə növbəti dəfə geriləyib. “Qırmızı-qaralar” 4.500 xalla 270-cidirlər.
Azərbaycan çempionatının digər iştirakçılarından “Sabah”, “Zirə”, “Sumqayıt”, “Səbail” və elitanı tərk edən “Şamaxı” 3,350 xalla 334-cü pilləni bölüşdürürlər.
“Turan Tovuz”, “Kəpəz” və yenidən elitaya qayıdan “Araz-Naxçıvan” 424 klub sırasına düşməyiblər.
UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (124.000) başçılıq edir. Almaniyanın “Bavariya” klubu 120.000 əmsalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü Madrid “Real”ı (106.000) qapayıb.