"Bu səviyyədə turnirdə belə hallar olmalı deyil" - Qurban Qurbanov
"Qarabağ" UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda səfərdə "Tottenhem"ə 0:3 hesabı ilə məğlub olub.
Mediasport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında görüş haqda fikirlərini bildirib.
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bəlkə də bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik. Çünki xeyli sayda şanslarımız oldu. Bu gün həm təcrübə, həm də ustalıq qalib gəldi. Futbolçularıma çox da iradlarım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər.
"Qarabağ" rəqibdən daha üstün oynasa da, hesab böyük oldu. Bunun səbəbi nədir?
- Futbolçularda bir az həyəcan var idi. Dünya futbolunun ən güclü çempionatı İngiltərədə keçirilir. "Tottenhem" həmişə liderlər sırasında olub. Məncə, həyəcan mane oldu. Rəqibin ustalığı bizə qalib gəldi. "Tottenhem"in azlıqda oynaması haradasa bizə rahatlıq verdi. Bəzi futbolçular daha arxayın oldular. Bu arxayınlıq texniki səhvlərimizə gətirib çıxardı. Bəsit qollar buraxdıq. Biz özümüz onlara qol vurmaq üçün şərait yaratdıq. Bəlkə də daha yaxşı nəticə ola bilərdi.
Komandanız tıxaca düşdüyü üçün matç gec başladı. Bu, oyununuza təsir göstərdi?
- Təxminən 2 saat yarım yolda olmuşuq. Bu qədər müddətdə avtobusda oturaq vəziyyətdə qalmaq istər-istəməz futbolçuların konsentrasiyasını pozur. Bunu səbəb kimi gətirmək istəmirəm. Amma bu səviyyədə turnirdə belə hallar olmalı deyil. Sadəcə, bu ölkənin öz qayda-qanunları var. Polis verilmir, özümüz gəlməliyik. Belə tıxacda, bu cür oyunlarda polisin olması mütləqdir. Çox böyük təsiri oldu. Amma buna görə rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Stadiona çatanda dedilər ki, 40 dəqiqə sonra oyun başlamalıdır. Normal hazırlaşa bilmədik.