"Çalışacağıq ki, oyunun taleyini 90 dəqiqədə həll edək" - Qurban Qurbanovdan İNAMLI AÇIQLAMA

"Çalışacağıq ki, oyunun taleyini 90 dəqiqədə həll edək" - Qurban Qurbanovdan İNAMLI AÇIQLAMA

"Vacib oyundur bizimçün. Son vaxtların ən yaxşı komandalarından birinə qarşı oynayırıq. Sabah oyunda 90 dəqiqə çox diqqətli olmalıyıq".

Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdırıcısı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində "Bayer"lə səfərdə keçiriləcək matçdan öncə təşkil olunmuş mətbuat konfransında iştirak edib.

O, sabah yenidən "BayArena"da meydana çıxmağın xoş təəssüratlar yaratdığını vurğulayıb:

"Bütün fikrimizi sabahkı matça yönəltmişik. Bu mərhələyə kimi gəlib çıxmaq bizim üçün böyük təcrübə oldu. Çox güc sərf etdik. Çətin günlərdən keçdik, əsas oyunçularımız zədələndi. Lakin nəhayət, komandamızı formalaşdıra bildik. Futbolçularıma güvənim sonsuzdur. Çünki verdiyim tapşırıqlara əməl edirlər. Təbii ki, bu da məşqçiyə əlavə motivasiya verir".

Təcrübəli mütəxəssis cütün taleyini 90 dəqiqədə həll etməyə çalışacaqlarını qeyd edib:

"Çalışacağıq ki, oyunun taleyini 90 dəqiqədə həll edək və əlavə vaxta ehtiyac qalmasın. Oyun sayı çoxdur, futbolçuların istirahət etməyə, demək olar ki, vaxtı qalmır. Matçın 120 dəqiqə olması oyunçularımızın əleyhinə olacaq. Belə iddialı komandaya qarşı 90 dəqiqə ən yaxşı şəkildə mübarizə aparmalıyıq".