“Qarabağ” və “Neftçi” Azərbaycan çempionatlarında 900-ə çatıblar
“Qarabağ” və “Neftçi” Azərbaycan çempionatları tarixində 900-cü oyununu keçiriblər.
Mediasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqanın XI turuna təsadüf edib.
32-ci mövsümdə 900 oyun sayına çatan yubilyarların hər ikisi əlamətdar matçda uduzub. “Neftçi” “Sabah”a 0:1, “Qarabağ” isə “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub olub.
Bu, 900 qarşılaşmada 518 qələbə qazanıb, 208 heç-heçə edən Ağdam klubunun 174-cü məğlubiyyəti olub. Bakılılar isə 507 qələbə və 198 heç-heçə etdikləri dövrdə 195-ci dəfə xalsız qalıblar.
Qeyd edək ki, hər iki komandanın debütü ilk çempionata təsadüf edib. “Qarabağ” 1992-ci il mayın 3-də öz meydanında Sabirabad “İnşaatçı”sına 1:2 hesabı ilə uduzub. Beş gün sonra meydana çıxan “Neftçi” isə evdə Sumqayıt “Xəzər”inə qalib gəlib – 1:0.