Redon Cica: "Bizim bir ifadəmiz var ki, maaşı da, qızı da göstərmirik"
"Qarabağ"ın yeni transferi Redon Cica Premyer Liqanın 20-ci turunun "Şamaxı" ilə (3:1) görüşündəki debütü haqda açıqlama verib.
mediasport.az xəbər verir ki, hücumçu Albaniyanın "Sport Magazine" portalına təəssüratlarını bölüşüb.
Cica komandaya alışdığını, uyğunlaşmanın yaxşı getdiyini deyib: "Oyunçularla münasibət qurmağın çətin olacağını düşünürdüm, amma hamı məni çox yaxşı qarşıladı. Yaşadığım evdən bazaya maşınla təxminən 20 dəqiqəlik yoldur. Məşqdən sonra evə qayıdırıq. Bu həftə ilk dəfə düzgün marşrutu tapmaq üçün naviqatordan istifadə etmişəm".
O, Ağdam klubunun heyətində çox sevilmiş həmyerlisi Ansi Aqollini yada salıb, baş məşqçi Qurban Qurbanovla ilk söhbətindən danışıb: "Aqolli burada təkcə futbolu ilə sevilməyib, həm də əfsanə idi. Ansini burada çox sevirlər. Ümid edirəm ki, bir gün mən də Aqolli kimi seviləcəm. Baş məşqçi ilk olaraq mənə dedi ki, biz sənə inanırıq, izləyirdik, bacardıqlarını bəyənirik və sənə tam güvənirəm. Debütdən sonra məni təbrik etdi".
25 yaşlı forvard sonda Azərbaycana pul dalınca gəlmədiyini bildirib: "Maaşa gəlincə, bilirəm ki, biz albanlar hər şeyə maraqlı insanlarıq. Amma bizim bir ifadəmiz var ki, maaşı da, qızı da göstərmirik. “Qarabağ”a pula görə yox, daha güclü komandaya keçmək üçün yaxşı fürsət hesab etdiyim üçün gəlmişəm".