COP29 ərəfəsinə düşəcək 13-cü turun oyunları təxirə salınacaq?
Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun oyunları noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ərəfəsinə - tədbirin son hazırlıq günlərinə təsadüf edəcək.
Maraqlıdır ki, çempionatın noyabrın 8-10-u aralığında baş tutacaq 5 görüşünün hamısı Bakıda keçirilməlidir.
Adətən, belə böyük tədbirlər zamanı təhlükəsizlik və digər məsələlər baxımından əvvəldən nəzərdə tutulmuş kütləvi mərasimlər və.s. ertələnir.
Lakin Mediasport.az saytına çempionatın təşkilatçısı olan Peşəkar Futbol Liqasından verilən məlumata görə, hər hansı qadağa olmayacaq və Premyer Liqanın 13-cü turunun bütün qarşılaşmaları Bakıda təşkil ediləcək.
Quruma konfransın təşkilat komitəsi tərəfindən hər hansı bir müraciət daxil olmayıb.
Xatırladaq ki, Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi dünya səviyyəli tədbirdə planetin təxminən 190-dan çox ölkəsindən 80-120 min nəfərə qədər nümayəndə heyətinin paytaxtımıza gəlişi gözlənilir.
Azərbaycan Premyer Liqası. 13-cü tur
8 noyabr. "Neftçi" - "Şamaxı"
20:00, "Neftçi Arena"
9 noyabr. "Səbail" - "Turan Tovuz"
17:00, "ASCO Arena"
9 noyabr. "Sabah" - "Kəpəz"
19:30, "Bank Respublika Arena"
10 noyabr. "Araz-Naxçıvan" - "Sumqayıt"
16:00, "Liv Bona Dea Arena"
10 noyabr. "Qarabağ" - "Zirə"
17:00, Tofiq Bəhramov adına Respublika stadionu