"3-cü dövrədən başlayaraq daha yaxşı çıxış edəcəyik" - Abu Akal
"Hazırda komanda ilə məşqlərə başlamışam. Düşünürəm ki, fevralda oyunlar üçün tam hazır olacağam".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Feras Abu Akal deyib.
Zədəli olduğu üçün mövsümün birincə yarısında komandasına kömək edə bilməyən 27 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında bərpa prosesinin necə keçdiyini dilə gətirib:
"Bərpa prosesindən keçdiyim müddətdə komandamızın mövsümün ilk yarısındakı bütün oyunlarımı izləmişəm. İkinci yarıda "Qəbələ"yə qoşulmaq və komandaya kömək etmək üçün özümü böyük səylə hazırlayırdım. Bərpa prosesi çox intensiv keçdi. Hətta bəzən yükləmələrdən ağrılar da yüksək həddə çatırdı. Lakin bu zədə zamanı belə olması normaldır. Bacardığımın ən yaxşısını etdim ki, bərpa prosesini yekunlaşdırım".
O, mövsümün əvvəlində komandaya yeni qoşulan futbolçulardan da söz açıb:
"Mövsümün əvvəlində komandaya yeni oyunçular qoşuldu. Onların çoxu Azərbaycan çempionatı ilə tanış deyildi. Artıq iki dövrə arxada qalıb. İnanıram ki, 3-cü dövrədən başlayaraq daha yaxşı çıxış edəcəyik. Mən də "Qəbələ"yə gəldiyim ilk dövrədə zəif təsir bağışlayırdım. İkinci yarıda daha güclü oldum. Çünki vaxt keçdikcə liqaya uyğunlaşdım. Həm nəticə, həm də oyun baxımından daha yaxşı olacağımıza inanıram".
Xatırladaq ki, "qırmızı-qaralar" qış təlim-məşq toplanışını Qəbələdə keçirir. Onlar bu müddətdə 2 yoxlama görüşünə çıxacaqlar: Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda öncə "Kəpəz"lə, sonra isə "Qəbələ-2" ilə qarşılaşacaq.