Dostları mərhum Şəhriyar Rəhimovu Kərbəlada yad ediblər
Ötən ayın sonlarında Azərbaycan futbol camiəsi milli komandamızın keçmiş oyunçusu Şəhriyar Rəhimovun vaxtsız ölüm xəbərindən sarsıldı.
3 il idi ağır xəstəlikdən əziyyət çəkən Şəhriyar davamlı müalicələrə baxmayaraq, avqustun 25-də gözlərini həyat işığına əbədi yumdu.
Onun ölümü futbolu izləməyən insanlara da acı kədər hissləri yaşatdı.
Mediasport.az xəbər verir ki, mərhumun son klubu "Səbail" Azərbaycan Premyer Liqasının 5-ci turunun "Qarabağ"la ev görüşünü Şəhriyar Rəhimovun xatirəsinə həsr etdi.
Ölümü ilə hələ də barışmayan yaxın dostları bu dəfə onu uzaq İraqda - Peyğəmbər nəvəsi Hz.Hüseynin Kərbəla şəhərindəki qəbri ətrafında yad ediblər.
Ş.Rəhimovun milli komandada geyindiyi 3 nömrəli formanı qaldıran dostları onun imanlı, dindar və İmam Hüseyn aşiqi olduğunu vurğulayıblar.