Tofiq Bəhramovun xatirəsi 21-ci tur oyunlarında yad ediləcək
Dünyaşöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun xatirəsi Misli Premyer Liqasının XXI turunun oyunlarında yad ediləcək.
Mediasport.az xəbər verir ki, bu barədə AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev məlumat paylaşıb.
Federasiya rəsmisi əfsanəvi referinin anadan olmasının 100 illik yubileyi münasibətilə müxtəlif silsilə tədbirlər keçirildiyini bildirib:
“Belə tədbirlərdən biri kimi qeyd etməliyəm ki, Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunan yeni poçt markaları dövriyyəyə buraxılıb. Həmçinin Azərbaycan Futbol Veteranları İttifaqı tərəfindən müxtəlif tədbirlər keçiriləcək. AFFA olaraq, həmin ittifaqa bunun üçün müəyyən dəstək ayırmışıq”.
S.Hacıyev tanınmış hakimin Azərbaycan futbolunda dərin iz buraxdığını vurğulayıb:
“Tofiq Bəhramov təkcə gənc hakimlər deyil, məşqçilər və futbolçular üçün də nümunədir. Bəlkə də dünyada yeganə futbol hakimidir ki, adını daşıyan iritutumlu stadion var. Tofiq Bəhramovun adı Azərbaycan futbolu üçün əzizdir, yaşayıb, hər zaman da yaşayacaq”.