"Son iki məğlubiyyətdən sonra hazırlaşmaq o qədər asan deyil"
"Hazırlaşmaq üçün vaxtımız az oldu. Son iki məğlubiyyətdən sonra "Olimpiakos"la oyuna hazırlaşmaq bir o qədər asan deyil".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
UEFA Avropa Liqasının əsas mərhələsinin son turu çərçivəsində Yunanıstana yola düşən Ağdam klubunun çalışdırıcısı Heydər Əliyev adına Beynəlxalq hava limanında "CBC Sport" kanalına danışıb.
Mütəxəssis "Olimpiakos" səfərində ən yaxşısını etməyə çalışacaqlarını bildirib:
"Oyunun bizim üçün mahiyyəti olmasa da, bilirik ki, azarkeşlərimiz həmin matçı səbirsizliklə gözləyəcək. Bizdən yaxşı oyun və yaxşı nəticə gözləyəcəklər. Çalışacağıq ki, "Olimpiakos"la görüşdə var gücümüzlə ən yaxşısını edək. Yaxşı oyunla, yaxşı nəticə ilə geri dönmək haqda düşünürük".
Xatırladaq ki, qarşılaşma yanvarın 30-da Bakı vaxtı ilə 00:00-da başlanacaq.