"Düşünürəm ki, bu qələbə Azərbaycan futbolu tarixinə yazıldı"
Azərbaycan milli komandasının futbolçusu Aleksey İsayev İsveç yığması ilə görüşdən sonra Mediasport.az saytına müsahibə verib.
İnamlı qələbə qazandız - oyun haqqında nə deyə bilərsən?
- Çox yaxşı oyun keçirdik. Erkən qollar vurduq. Daha sonra da fərqlənmək üçün şanslarımız var idi. Rəqibə qapımız qarşısında real qol şansları vermədik.
Azlıqda qaldıqdan sonra hər hansı gərginlik olmadı?
- Xeyr, 10 nəfərlə qaldıqdan sonra da öz oyunumuzu göstərməyə çalışırdıq. Müdafiəyə daha çox diqqət yetirməklə rəqibi əks-hücumda yaxalamağa çalışırdıq. Düşünürəm ki, azlıqda qalana qədər oyuna nəzarət tamamilə bizim tərəfimizdə idi. Təbii ki, müəyyən səhvlər də var idi. Amma inkişaf etməli, daha da irəli getməliyik. Əla komandamız var.
Oyunun taleyini vurduğumuz erkən qolların həll etdiyini deyə bilərik?
- Əslində, hər qol həlledici, gözəl idi. Tabloda hesab 3:0-dır və bu, ən əsasıdır. Düşünürəm ki, bu qələbə Azərbaycan futbolu tarixinə yazıldı.
Seçmə mərhələnin əvvəlindən bu cür oynamaq niyə alınmırdı?
- Konkret səbəb göstərmək çətindir. İndi xeyli səbəb göstərmək olar. Bəzən nələrsə alınmır. Amma biz hər zaman çalışırıq qələbə qazanaq, azakeşləri sevindirək. Gələcəkdə də çalışacağıq ki, yaxşı nəticələr qazanaq. Bu, hər dəfə alınmır, bilmirəm. Yenə də əlimizdən gələni edəcəyik.
Qarşıda Belçika ilə oyundan nə gözləmək olar?
- Meydana çıxıb oyunumuzu göstərməyə çalışacağıq. Belçikanın gücü hər kəsə məlumdur. Bununla belə, Bakıda onlara qarşı yaxşı oynamışdıq. Çalışacağıq ki, bunun ardını səfər matçında da gətirək.
Belçika millisi artıq Avropa çempionatına vəsiqəni təmin edib. Bu məqam bizim xeyrimizə ola bilər?
- Ola bilər. Amma Belçika millisi peşəkarlardan formalaşıb. Ona görə də meydana arxayın şəkildə çıxacaqlarına inanmıram. Məncə, Belçika millisi meydana qələbə üçün çıxacaq. Odur ki, bizi qarşıda çox maraqlı oyun gözləyir.
Oyundan qabaq zədəli olduğun deyilirdi.
- Bəli, müəyyən ağrılar var idi. Ona görə də İstanbula yollanaraq müəyyən prosedurları yerinə yetirib millinin düşərgəsinə qoşuldum. Şadam ki, İsveçlə oyunda hər hansı narahatçılıq yaşamadım.
Oyundan sonra paltardəyişmə otağına gələn AFFA prezidenti Rövnəq Abdullayev qələbə barədə nə dedi?
- Hər kəsi qələbə münasibəti ilə təbrik etdi. Söylədi ki, bundan sonra Belçika ilə matça hazırlaşmaq lazımdı. Qarşıdakı görüşdə komandaya uğurlar arzuladı.
Xüsusi nəsə bir şey demədi?
- Xeyr.
İsveç üzərində qazanılan qələbəyə görə nə qədər mükafat alacağınızı da açıqlamadı?
- Xeyr, o barədə hər hansı bir söhbət olmadı.
ELVİN