"Əsas kapitan Bədavi Hüseynovdur, amma o, Azərbaycan dilində danışa bilmir" - MARAQLI AÇIQLAMA
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının 3-cü turunun Estoniya ilə görüşündən sonra (1:3) mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə oyunla bağlı fikirlərini bölüşüb, sonra jurnalistlərin suallarını cavablandırıb:
"Oyuna yaxşı başladıq. 35-ci dəqiqəyə qədər kompakt oynadıq. Rəqibin şansları olmadı. Amma futbol belə oyundur. Rəqib ilk qolu vurandan sonra özümüzü toparlayıb hesabı bərabərləşdirdik. İlk yarıya əlavə olunmuş dəqiqələrdə 2-ci qolu buraxdıq. Rəqib də ağıllı komandadır. Əks-hücumda oynamağa başladılar. Şanslarımızı dəyərləndirə bilmədik. Topu qapıdan keçirə bilmirsənsə, rəqib bundan faydalanır".
Yarımmüdafiənin mərkəzində iki futbolçu qalmışdı. Onlar sanki "çatdıra" bilmirdi. Məğlubiyyətdə seçdiyiniz taktiki sxemin rolu oldu?
- 3-4-3 sistemi ilə oynayırdıq. Mərkəzdə 4 futbolçu var idi. İlk 35 dəqiqədə bizim oyunçular rəqibə oynamağa imkan yaratmırdı. Onlar əks-hücumda qol vurdular. Bizim buna qədər 4 şansımız var idi, amma istifadə edə bilmədik. Fikrimcə, komanda birinci hissədə ən yaxşısını etdi. Taktiki sxemdə səhv olmayıb. 3 qol buraxdıq. Amma o qədər də qol vurmaq şanslarımız oldu. Normal vəziyyətdə bu oyunun ilk yarısı 2:0 bizim xeyrimizə olmalı idi.
Əlinizdə olan futbolçuların səviyyəsinin yetərli olduğunu düşünürsünüz?
- Başa düşürəm, amma oyunçuların çox yaxşı şansları oldu. Bu, futboldur, belə şeylər olur. İsveçlə oyunda da çoxlu şanslardan yararlana bilmədik. Bizim problemimiz müdafiədədir: 3 qarşılaşmada 8 qol buraxmışıq. Vacib olan odur ki, işimizi davam etdirməliyik. 1-2 həftə ərzində problemləri həll etmək mümkün deyil. Nəsə əldə etmək üçün vaxt lazımdır.
Hücum futbolu oynadırsız. Cəsarətlidir, amma bunun arxasında güc yoxdur. Bu taktika ilə davam edəcəksiz?
- Xeyr, taktikanı dəyişməyi düşünmürəm. Hücum futbolu oynamağa üstünlük verirəm. Bir yol seçmişik. Hər dəfə dəyişmək olmur. Əlimdə olan futbolçularla bu sxemlə davam edəcəyəm. Yarımmüdafiə xəttində 4 oyunçu olacaq.
Elvin Cəfərquliyev bu gün mükəmməl oyun keçirdi. Onun gələcəkdə hansısa yaxşı kluba keçməsinə töhfə verə, hansısa tanışınıza məsləhət görə bilərsiz?
- Elvin möhtəşəm hücum talantına malikdir. Amma müdafiə cəhətdən bir az çətinlikləri var. Öz üzərində işləməklə şansları ola bilər. Həm hücumda, həm müdafiədə eyni səviyyədə oynamaq çətindir.
Bu gün niyə Abbas Hüseynov kapitan idi?
- Niyə olmasın ki? Düşünürəm ki, Abbas yaxşı kapitandır. Əsas kapitan Bədavi Hüseynovdur. Amma o, Azərbaycan dilində danışa bilmir. Ona görə də Abbasa üstünlük verdim.