DYP-dən "Qarabağ"ın oyununa yollanacaq azarkeşlərə müraciət
Dövlət Yol Polisi (DYP) "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubuna qarşı cavab oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib.
Mediasport.az xəbər verir ki, DYP qarşılaşmaya yollanacaq azarkeşlərdən ictimai nəqliyyata üstünlük vermələrini xahiş edib:
“Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb. Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunun nəzərə alaraq ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur”.