"Bunu bacarsaq, məncə, özümüzü basketbol ölkəsi adlandıra bilərik"
Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Azərbaycan Basketbol Liqasının yeni mövsümünün açılışı ilə bağlı təşkil edən tədbirdə çıxış edib.
Mediasport.az xəbər verir ki, qurum başçısı bir il öncə planlaşdırdıqları hədəflərə çatdıqlarını bildirib:
"Addım-addım, mərhələli şəkildə uğurlara irəliləməliyik. Sistemi düzgün qurmalı və mühiti formalaşdırmalıyıq. Əsas məqsədlərdən biri uşaq basketbolunu inkişaf etdirməkdir. Qarşımıza daha böyük hədəflər qoymalıyıq".
Federasiya rəhbəri aşağı yaş qruplarının faktiki durumundan söz açıb:
"Aşağı yaş qruplarının C Divizionundakı nəticələr bizi sevindirir. B Divizionunda çıxış etməliyik. İlk nəticələr bizi sevindirməyə bilər. Növbəti 5 ildə A Divizionunda oynamağı qarşımıza məqsəd qoymuşuq. Asan deyil. Bunu bacarsaq, məncə, özümüzü basketbol ölkəsi adlandıra bilərik".
Daha sonra Emin Əmrullayev qadın basketbolunun da inkişafını çox önəmli dəyərləndirib:
"Qadın basketbolçularımızı C Divizionunda qazandıqları uğurlara görə təbrik edirəm. Məncə, onlar bütün qızlara, xanımlara nümunə olacaqlar".
O, qarşıda daha maraqlı mövsüm gözlədiklərini vurğulayıb:
"Bilirsiniz ki, Azərbaycan Basketbol Liqasına bu il daha iki klub qoşulub. Bundan başqa format dəyişikliyi olub. A və B qruplarına bölünüb. Hər bir komandanın çempion olmaq imkanı var. Bu, yalnız A qrupuna aid deyil. Bəzən bunu güclülər liqası və ikinci dəstə kimi başa düşmək səhvdir.
Sadəcə, çempionat daha çox oyun keçirilməsi məqsədilə belə təşkil olunub. Daha çox oyun olanda, çempionat da maraqlı keçəcəyini gözləyirik. Təxminən 8 gündən sonra çempionat başlayır. Mənim üçün kimin çempion olmasının fərqi yoxdur. Güclü kmdirsə, o da qalib gəlsin".