"Tarixi zəngin bir klubda olmaq böyük hissdir" - "Neftçi"nin yeni transferindən ilk AÇIQLAMA

"Tarixi zəngin bir klubda olmaq böyük hissdir" -  "Neftçi"nin yeni transferindən ilk AÇIQLAMA

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Mediasport.az xəbər verir ki, milli komandamızın futbolçusu Elvin Camalov karyerasını "ağ-qaralar"ın heyətində davam etdirəcək.

"Sabah"dan ayrılan təcrübəli futbolçu 4 nömrəli formanı geyinəcək. 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə "1,5 + 1" il şərti ilə müqavilə bağlanıb.

“Qəbələ”nin yetirməsi olan Camalov “Zirə” və “Sabah” klublarında da çıxış edib.

Sonuncu klubu “Sabah”ın kapitanı olmuş təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. O, milli komandamızın heyətində 20 oyun keçirib.

Camalov keçidi ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib:

"Əlbəttə, "Neftçi" kimi tarixi zəngin böyük bir klubda olmaq böyük hissdir. Həyəcanlıyam. Ümid edirəm ki, bu həyəcanı yenib komanda üçün faydalı ola biləcəm.

"Neftçi"nin daha yuxarı yerlərdə olacağına inanıram və bunun üçün əlimdən gələni edəcəyəm.

Hər bir futbolçunun arzusudur "Neftçi"də oynamaq. Mən də bu arzuma çatdığım üçün sevinirəm. Burada olmaq böyük bir sevinc hissi ilə yanaşı, həm də böyük bir məsuliyyətdir.

Azarkeşlərin gözləntisi, istəyi daim yuxarı yerlər, yaxşı nəticələrdir. Onlardan dəstəklərini davam etdirmələrini xahiş edirəm. Nəticə əldə edəcəyiksə, buna birlikdə nail olacağıq.