FİF və BQXK Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb

FİF və BQXK Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb

Futbolun İnkişaf Fondu (FİF) və Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan (İnternational Committee of the Red Cross Azerbaijan) nümayəndəliyi arasında Anlaşma Memorandumu imzalanıb.

FİF-dən Mediasport.az saytına verilən məlumata görə, Memorandumu Fondun icraçı direktoru Tural Piriyev və BQXK-nın Azərbaycan nümayəndəliyinin başçısının müavini İqnasio Kasares Qarsia və Silahlarla Çirklənmiş Ərazilərlə İş üzrə Proqramının koordinatoru Bişnu Mahat imzalayıblar.

Tərəflər arasında imzalanan memorandum Azərbaycanın həssas və risk altında olan bölgələrində futbolun populyarlığı və gücündən istifadə edərək partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) tədbirlərinin keçirilməsi məqsədini daşıyır.

Əməkdaşlıq məlumatlandırma sessiyaları, müxtəlif növ təbliğatlar və kütləvi futbol festivallarının təşkil olunmasından ibarət olacaq. Anlaşma Memorandumu 2025-ci il dekabrın 31-dək qüvvədədir.

Qeyd edək ki, qurumlar arasında daha əvvəlki Anlaşma Memorandumu 2023-cü ildə imzalanıb.