Ən yaxşı oyunçu seçilən Ülvi: "Arzulanan səviyyədə deyilik"

  Ən yaxşı oyunçu seçilən Ülvi: "Arzulanan səviyyədə deyilik"

"Ümumi götürsək komandamız yaxşı oynadı, mübarizə apardı. Hər kəs üzərinə düşən, verilən tapşırığı yaxşı icra etmək üçün heç nədən çəkinmədən "döyüşdü".

Mediasport.az xəbər verir ki, bu sözləri Çexiya ilə yoldaşlıq görüşündən sonra ən yaxşı oyunçu seçilən futzal üzrə Azərbaycan millisinin üzvü Ülvi Əliyev deyib.

Hücumçu yığmanın yenidən qurulduğunu, heyətdə debüt edən bir neçə futbolçunun olduğunu, rəqibin təcrübəli oyunçulardan təşkil edildiyini bildirib:

"Futzal üzrə Çexiya çempionatı xeyli vaxtdır başlayıb, 3-4 tur oynanılıb. İspaniya liqasında, eləcə də başqa çempionatlarda çıxış edən futzalçıları var. Biz isə yay tətilindən yeni qayıtmışıq. İstər fiziki, istərsə də oyun təcrübəsi baxımından arzulanan səviyyədə deyilik.  Bu cür oyunları çox keçirməliyik. Yaxşı kollektivimiz var. Bir-birimizə inanırıq. Səhvlərimizi də tədricən düzəldəcəyik. Bunun üçün çox çalışmalıyıq".

Ülvi Əliyev mükafatlandırılacağını gözləmədiyini söyləyib:

"Yaxşı mənada sürpriz oldu. Əlbəttə, məqsədim komandama kömək etmək, güvənib meydana buraxan baş məşqçinin tapşırıqlarını yerinə yetirmək idi. Meydandan qalib ayrılsaydıq, daha çox sevinərdim. Məncə, bugünkü oyun gələcək üçün müəyyən ümid verdi. Müəyyən səbəblərdən komandadan kənarda qalan futzalçılarımız da var. Onlar gələcəkdə bizə qoşulanda fərqli milli izləyəcəksiz".