"9 xal yığsaq belə, hər şey öz əlimizdə deyil" - Vitali Borisov
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov DÇ-2024-ün elit mərhələsinin Rumıniya ilə oyunundan öncə danışıb.
Mediasport.az xəbər verir ki, o, yığmada yerli futzalçılara üstünlük verdiklərini bildirib:
"Bu matçda yaxşı nəticə qazanmağa çalışacağıq. Bir-iki oyunçumuz dünən komandaya qoşulub. Hazırlıq gedir. Bu gün iki məşq edəcəyik. Rəqibin oyunlarına baxırıq, bizdə və onların heyətində bir az dəyişikliklər var. Növbəti iki qarşılaşmanı Azərbaycan çempionatında iştirak edən oyunçularla keçirmək qərarına gəldik. Az legioner dəvət etmişik".
Borisov komandasının növbəti mərhələyə çıxmaq şanslarını da dəyərləndirib:
"Yekunda 9 xal yığsaq belə, hər şey öz əlimizdə deyil. Beş qrupda ən yaxşı ikinci yeri tutmuş 4 komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Rumıniyaya səfərdə 1:3 hesabı ilə uduzmuşduq. Amma belə olmamalıydı. Qol şansları yarada bilməmişdik. Bu dəfə evdə çıxış edəcəyik. Komandaya gənc və təcrübəli futzalçılar cəlb etmişik. Özlərini göstərməlidirlər. Rumıniyanın 4 xalı silinib, 6 xal isə Niderlanda verilib. Bəlkə də bir az ruhdan düşəcəklər. İkinci pillədən üçüncü sıraya düşüblər".
Dekabrın 15-də keçiriləcək Azərbaycan - Rumıniya görüşü 20:00-da start götürəcək.
Komandamızın yer aldığı A qrupuna 12 xalla Qazaxıstan millisi başçılıq edir.
Niderland 6 xalla ikinci, Rumıniya və Azərbaycan isə 3 xalla müvafiq olaraq, 3-4-cü pillələri bölüşdürürlər.