Böyük futbola qayıdan sabiq milli üzvü bu klubda oynayacaq - RƏSMİ
Futbol üzrə Azərbaycan milli komandasının keçmiş yarımmüdafiəçisi Elvin Məmmədov karyerasını bərpa edib.
Mediasport.az xəbər verir ki, ötən mövsümün yekununda 1-ci Liqaya düşdükdən sonra "Şamaxı"dan ayrılaraq peşəkar futbolla vidalaşan, "Səbail"in akademiyasında işə başlayan və bugünlərdə UEFA-nın B kateqoriyalı məşqçilik kurslarına qatılan veteran futbolçu 2-ci Liqada oynayacaq.
Məmmədov cari mövsümün sonuna qədər "Cəbrayıl"ın uğurları üçün çalışacaq. Məlumatı Qarabağ təmsilçisinin mətbuat xidməti paylaşıb.
Elvin karyerası ərzində "Turan" (Tovuz), "İnter" (Bakı), "Qarabağ" (Ağdam), "Qəbələ", "Sumqayıt", "Zirə", "Bakı", "Şamaxı" komandalarında forma geyinib.
O, "İnter" (Bakı) və "Qarabağ" (Ağdam) klubları ilə Azərbaycan çempionu olub, "Bakı" ilə ölkə kubokunu qazanıb.
Azərbaycan yığma komandasının heyətində 37 oyun keçirib, 7 qol vurub.
Qeyd edək ki, Məmmədov minifutbol üzrə Azərbaycan çempionatının əsasən veteran peşəkarlardan ibarət debütantı "İnter" komandasında da çıxış edir.