"Bayer"lə oyun haqda AÇIQLAMA: "Mümkünsüz heç bir şey yoxdur"
"Belə hallarla rastlaşdığımız ilk dəfə deyil. Əvvəl də sıx qrafiklə oyunlarımız olub. Ümid edirəm ki, bacardığımızı edərək maksimum nəticə qazana biləcəyik".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib.
Sıx qrafikdə meydana çıxmaları haqda danışan Ağdam klubunun cinah oyunçusu UEFA Avropa Liqasında yenidən qarşılaşacaqları "Bayer"lə növbəti duellər barədə fikirlərini bölüşüb:
"Elə bir mərhələyə gəlib çıxmışıq ki, burada konkret zəif rəqib yoxdur. Düzdür, bizə bəlkə də rəqiblər içərisində ən güclüsü düşdü. Ancaq qismət..."Bayer"lə qrup mərhələsində iki dəfə oynadıq. Fikrimcə, Bakıdakı matçımız heç də pis alınmamışdı. Yəni, oynamaq olar. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi, xalqımızı sevindirək".
Bayramov Leverkuzen klubunun bu dəfə də Bakıya güclü heyətlə gələcəyini düşündüyünü bildirib:
"O fikirlə razı deyiləm ki, qrup mərhələsində "Bayer" xal fərqi yaratmışdı deyə Bakıya rahat gəlmişdi. Hər şey göz qabağındadır. Rəqib məğlub olmayan, uduzmaq istəməyən komandadır. Təsadüfi deyil ki, bu mövsüm məğlubiyyətləri yoxdur. Bu, bütün görüşlərə nə qədər ciddi hazırlaşdıqlarından xəbər verir".
"Köhlən atlar"ın əsas üzvü Almaniya klubunun məğlubiyyətsiz seriyasına son qoymağın mümkünlüyü barədə bunları deyib:
"Futboldur, mümkünsüz heç bir şey yoxdur. Allahın iznilə çalışacağıq ki, qalib gələk".
Cəzalı Elvin Cəfərquliyevin yoxluğunda onun mövqeyində əsas yük, yəqin ki, Toral Bayramovun üzərinə düşəcək. Müdafiəçi baş məşqçinin tapşırıq verəcəyi bütün mövqelərdə oynamağa hazır olduğunu qeyd edib:
"Çalışıram ki, daim hazır olum. Baş məşqçi hansı mövqedə tapşırıq veribsə, əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Yadınızdadırsa, qrup mərhələsində Leverkuzendəki görüşdə sağ cinah yarımmüdafiəçisi, sonra sağ cinah müdafiəçisi kimi oynadım. Yəni, Qurban müəllim hansı cinaha qoysa, oynamağa hazıram".