"Ümid edirəm, o qapılar açılacaq - Hədəfimiz Konfrans Liqasıdır"

"Ümid edirəm, o qapılar açılacaq - Hədəfimiz Konfrans Liqasıdır"

"Sumqayıt"ın heyətində noyabr ayının ən yaxşı qolunun müəllifi kimi Peşəkar Futbol Liqası (PFL) tərəfindən mükafatlandırılan Rövlan Muradov Mediasport.az saytına müsahibə verib.


"Qarabağ"a acı məğlubiyyət barədə nə deyə bilərsən?

- "Qarabağ"ın gücü hər kəsə bəllidir. Biz də istəyirdik ki, doğma meydanda mübarizə aparıb xal və xallar qazanaq. Əfsuslar olsun ki, azarkeşlərimizi sevindirə bilmədik. Buna görə şəxsən öz adımdan bütün azarkeşlərimizdən üzr istəyirəm.

Sanki "Qarabağ" "Sumqayıt"la görüşə əlavə motivasiya ilə çıxır. Bu mövsüm iki oyunda qapınıza 11 top vurublar.

- "Qarabağ" son iki oyunda bizə qarşı meydana tam heyətlə çıxıb. Əlimizdən gələni etdik ki, məğlub olmayaq. Rəqibin gücünü nəzərə almaq lazımdır.

"Qarabağ"a böyükhesablı məğlubiyyətdən sonra komanda üzvləri növbəti matça qədər psixoloji baxımdan özünə gələ biləcək?

- Oyundan sonra baş məşqçimiz və məşqçi heyətimiz bizə bildirdi ki, ruhdan düşməməli, mübarizə aparmalı və döyüşməliyik. Marafon uzundur. Mübarizəmizi sonadək aparmalıyıq.

Turnir cədvəlində əsasən 3-cü yer uğrunda ciddi mübarizə gedir. Bu pillələrdə mövqeyinizi qoruyub saxlaya biləcəksiz?

- Bilirik ki, 3-cü yer uğrunda amansız mübarizə gedir. Bunu biz də dərk edirik. Mübarizəmizi sona qədər aparacağımıza inanıram.

Bu mövsüm iddianız nədir?

- Hər bir komanda istəyər ki, yuxarı yerlər uğrunda mübarizə aparsın. Bizim hədəfimiz Konfrans Liqasıdır. Təbii ki, istəyərəm komandam yuxarı yerlər uğrunda mübarizə aparsın və öz adına layiq olduğu yeri tutsun. Bunun üçün sonra qədər çalışmalıyıq.

“Ayın qolu” layihəsi çərçivəsində noyabr ayının qalibi oldun. Təəssüratlarınız necədir?

- Çox gözəl. Mənə səs verən hər bir azarkeşə dərin təşəkkürümü bildirirəm. Bütün komanda yoldaşlarıma, məşqçilərimizə, klub rəhbərliyinə minnətdaram ki, hər zaman sevincimə şərik olurlar, dəstəklərini əsirgəmirlər. Bu, mənə böyük stimul, motivasiya verdi. Qolların ardını gətirəcəyimə inanıram.

Canni De Byazinin vaxtında milli komandaya dəvət olunmurdun. Onun gedişinin sənin üçün yığmanın qapılarının açılması demək olar?

- Bəli, ümid edirəm, o qapılar açılacaq. Bunun üçün özümdən də çox şey asılıdır. Meydanda əlimdən gələni edəcəm ki, yeni baş məşqçinin etimadını qazanım.

Səncə, milli komandamızı yenidən əcnəbi çalışdırmalıdır, yoxsa yerli mütəxəssis?

- Bunu mütəxəssislər daha dəqiq deyə bilər. Kim olursa-olsun, ən vacibi ölkəmizin milli komandasının uğur qazanmasıdır.