Elxan Məmmədovun kadrının sözüylə oturub-duran Arif Əsədov!

Elxan Məmmədovun kadrının sözüylə oturub-duran Arif Əsədov!

6 aydan çoxdur başsız qalan futbol üzrə Azərbaycanın milli komandasını gələn ay Albaniya və Qazaxıstanla yoldaşlıq oyunlarına hazırlayacaq məşqçilər korpusu açıqlanıb.

Martın sonlarında Bakıda baş tutmuş "FİFA series - Edition 2024" turnirində olduğu kimi, bu dəfə də komandaya Arif Əsədov rəhbərlik edəcək.

Onun köməkçiləri elə martdakı kimi -  İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev olacaqlar.

Bəli, çalışdırdıqları aşağı yaş qrupları üzrə yığmalarda biabırçı nəticələr göstərmiş İlham Yadullayevlə Füzuli Məmmədov növbəti dəfə əsas millidə yer almaqla babat "sutoçnıy" qazanacaqlar. Niyə?

Ona görə ki, bu uğursuz, bacarıqları sıfırın altında olan məşqçilərə AFFA-da "krışa"lıq edən var. Kimdir o? Qurumun keçmiş icraçı vitse-prezidenti Elxan Məmmədovun hazırda "boz bina"da "döyünən ürəyi" Cahangir Həsənzadə!

Futbolçu kimi heç bir ciddi uğurunun, fövqəladə qabiliyyətinin olmamasına, AFFA-da texniki direktor postunu tutmasına baxmayın, Azərbaycan millisi tarixinin ən zəif eks-qapıçısı bu gün federasiyanın binasında xüsusi avtoritetə, çəkiyə malikdir. Məhz Elxan Məmmədovun sayəsində.

Yeni AFFA rəhbərliyinin 2 aydır Məmmədovun "qalıqları"nı müəyyənləşdirməyə çalışması təsadüfi deyil.

Təsadüfi deyil ki, Arif Əsədov kimi adam - yəni, futbol keçmişi parlaq olan məşhur sima bu gün Həsənzadənin tapşırıqlarını yerinə yetirir.

Elementar nümunə: Arif Əsədov SSRİ-nin tərkibində dünya və Avropa çempionu (1987-1988) titulunu qazananda Elxan Səlhaboviçin kadrının - Cahangir Həsənzadənin 8-9 yaşı vardı.

Amma nə yazıq ki, 54 yaşlı Arif müəllim tapşırıqla oturub-durmağa, nüfuzunu kölgə altına salmağa davam edir.

Futbolumuzun ən böyük bədbəxtliklərindən də biri bu deyil? Arif Əsədov, Aslan Kərimov, Yunis Hüseynov, Vəli Qasımov və.s. kimi məşhur simalar 3-5 manatlıq işə razı olub ağzına su alanda Həsənzadəkimilər də at oynadacaq da.

Azərbaycan futbolunda biz gözümüzü açandan ikinci-üçüncü dərəcəli fiqur olmaqla kifayətlənən Arif Əsədov bu gün ədalətli seçimlə müvəqqəti də olsa, rəhbərlik etdiyi yığmada özünə köməkçi-məşqçilər götürə bilmirsə, Canni De Byazi kimisinin sözün əsl mənasında onun dalından təpik vurmasını normal qəbul etməliyik...

Ayxan