Cüdoçularımız Avropa Kuboku yarışlarında 15 medal qazandılar
Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunda medal əyarına görə ümumi hesabda 2-ci, kişilər arasında isə 1-ci yeri tutub.
mediasport.az xəbər verir ki, idmançılarımız yarışı ümumilikdə 6 medalla başa vurublar.
İki gün davam edən yarışda 13 idmançımız medallar uğrunda mübarizə aparıb. İdmançılarımız yarışda ümumilikdə 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.
İlk gün Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Yarışın ikinci günündə -81 kq. çəkidə Məhərrəm İmamverdiyev qızıl medala sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Kərim Allahverdiyev 5-ci yerlə kifayətlənib. -100 kq. çəkidə Aslan Mirzəyev bürünc medal əldə edib. Eyni çəkidə digər cüdoçumuz Ruslan Nəsirli yarışı 7-ci yerdə tamamlayıb.
Yeniyetmə cüdoçularımız Polşanın Bielsko Biala şəhərində keçirilən Avropa Kuboku turnirində 1 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib. Komandamız yarışda medal əyarına görə ümumi hesabda 5-ci, qızlar arasında isə 2-ci yeri tutub.
Yarışın ilk günündə cüdoçular 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib. Turnirin ikinci günündə isə oğlanların yarışında +90 kq. çəkidə Eldar Əliyev bürünc medal qazanıb. -90 kq. çəkidə Tuncay Şamil isə 7-ci yer yerdə qərarlaşıb.
Gənclərimiz isə İspaniyanın Malaqa şəhərində keçirilən Avropa Kuboku turnirində 3 medal qazanıblar. Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıb. Turnirin ikinci günündə isə +100 kq. çəkidə Kənan Nəsibov gümüş medala layiq görülüb. -81 kq. çəkidə Ömər Rəcəbli yarışı 5-ci yerdə başa vurub.
Cüdoçularımız turnirdə ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanlar arasında dördüncü, ümumi komanda hesabında beşinci yeri tutub.