"Futbolumuzu düzgün inkişaf etdirə bilmirik" - Qurban Qurbanov

"Futbolumuzu düzgün inkişaf etdirə bilmirik" - Qurban Qurbanov

“Bizim kiçik uğurumuz xalqımızı nə qədər sevindirir. Təəssüf ki, bunu daha çox edə bilmirik, mən də daxil olmaqla, futbolumuzu düzgün inkişaf etdirə bilmirik. Qazandığımız uğurları kiçik saymışam. Azərbaycan futbolundan danışırıqsa, Avropa futbolu ilə müqayisə etməliyik. Avropada futbol həddən artıq inkişaf edir.

Bəzən klubun nəticəsinə əsasən deyirlər ki, ölkədə futbol inkişaf edir. Ancaq belə deyil. Avropada klubların iş prinsipləri ilə maraqlanıram, böyük işlər görürlər. Desək ki, uğurumuz var, tamamdır, bizi heç də yaxşı şeylər gözləmir.

Futbolumuza daha çox diqqətin ayrılmasını, daha çox futbolçuların, məşqçilərin, funksionerlərin yetişməsini istərdim. Dəyər verildikdə daha məsuliyyətli oluram, həvəslənirəm və daha güclü oluram. Eyni zamanda, işim çətinləşir. Çünki o adı qoruyub saxlamaq vacibdir. Heç vaxt istəmərəm ki, hansısa idmançı və ya özüm haqda “zəifdir” ifadəsi işlənilsin. Uğurlarımızın daha böyük olmasını istəyirəm”.

Mediasport.az xəbər verir ki, bu sözləri Komanda.az saytının sorğusuna əsasən ilin ən yaxşı baş məşqçisi seçilən "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov deyib.

51 yaşlı mütəxəssis tədbərdən sonra jurnalistlərin suallarını cavablandırıb.


Ardıcıl 13-cü dəfədir ilin məşqçisi seçilirsiz, təəssüratlarınız necədir?

- Hamıya öz təşəkkürümü bildirirəm. Əlbəttə ki, həyəcan var idi. Çox sevindim. Zəhmətinə dəyər veriləndə hər insanın əhval-ruhiyyəsi yaxşılaşır.

Bu, sizin üzərinizdə məsuliyyəti artırır?

- Çox istərdim ki, daim uğurlu nəticələr əldə edək. Hər bir klub uğur əldə etmək üçün yaradılır. "Qarabağ"da diqqətsiz, məsuliyyətsiz olmaq olmaz. Mütləq məsuliyyətimiz daha da artmalıdır. İllər keçdikcə rəqabət çoxalır, klubların sayı artır. Düşünürəm ki, get-gedə sponsorlar çox olacaq. Çox istərdim ki, qarşıdakı illərdə rəhbərliklə birlikdə bu klubu yaxşı səviyyədə qoruyub-saxlayaq. Çünki bu adın dəyəri hamımız üçün çox böyükdür.

Uğurlar artdıqca komandanı idarə etməyin məsuliyyəti və çətinliyi də artır. Bundan sonra işiniz nə dərəcədə çətin olacaq?

- Əgər bizdən daha böyük uğur gözlənilirsə, iş saatımız çoxalır. Rəqiblərimizin gücü və təcrübəsi çoxdur. Belə turnirlər, belə oyunlar bizə ancaq təcrübə verir. Öz iş prinsiplərimizi daha da yaxşılaşdırmağa çalışacağıq.

Digər namizədləri gördüz. Seçim imkanı sizdə olsaydı, kimə səs verərdiz?

- Çox istərdim ki, digər məşqçilərin də hər birinə bu ad verilsin. Tanıdığım çox məşqçilər var ki, öz üzərlərində gecə-gündüz çalışırlar. Bəzən onlara qibtə edirəm. Bu dərəcədə öz peşələrini sevirlər. Heç nəyə fikir vermədən istəyirlər ki, Azərbaycan futbolu üçün bacarıqlı şəxsiyyət olsunlar. İnşallah, onlar da bu adı qazanacaq. Həm öz gənc məşqçilərimiz Rəşad Sadıqov, Ayxan Abbasov, Samir Abasov, Elmar Baxşıyev, həm "Sabah"ı çalışdıran Murad Musayev... Öz üzərlərində çox çalışırlar. Kimin adı yadımdan çıxdısa, üzrlü hesab etsinlər.

Pley-offa görə transferlər gözlənilir?

- Sırf pley-offa görə bu addımı atsaq, yanlış olar. Hansı mövqedə dəyişiklik etmək lazımdırsa, bunu etməyə çalışırıq. Hər transfer pəncərəsində hansısa dəyişikliklər etmək istəyirəm. Buna bəzən ehtiyac olur. Bu gün də görsək ki, hansısa oyunçu bizə həqiqətən faydalı olacaq, ona yox deməyəcəyik. Hətta həmin mövqedə 2-3 futbolçu olsa belə. Çünki biz bu günü yox, sabahı düşünmək istəyirik. Sadəcə, bu günü düşünüb addım atsaq, məncə uğursuz olar.