İlk dəfə keçirilən Azərbaycan birinciliyinin açılış mərasimi olub
İlk dəfə təşkil olunan uşaqlar arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda baş tutan tədbirdə Dünya Taekvondosunun prezidenti Çunqvon Çu, Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq iştirak ediblər.
Mərasimdə Dövlət Himni səsləndirilib, ardınca rəsmi hissə başlayıb.
Öncə çıxış edən Dünya Taekvondosunun prezidenti Çunqvon Çu yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum idmanın bu növünün dünyada yayılması, uşaqların və gənclərin bu növlə məşğul olması üçün çalışır: “Gələn ilin fevral ayında Böyük Britaniyada Dünya Taekvondo çempionatı keçiriləcək. Burada toplaşan idmançıların da qarşıdakı illərdə dünya arenalarında bacarıqlarını göstərəcəklərinə inanıram”.
ATF prezidenti Kəmaləddin Heydərov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini və qazanılan nəticələrin məhz bu reallığı əks etdirdiyini deyib. Birinciliyin ölkə taekvondosu tarixində mühüm əhəmiyyətə malik olduğunu bildirən federasiya rəhbəri qalib gələcək idmançıların gələcəkdə daha böyük uğurlara imza atacağına, Azərbaycan bayrağını dünya miqyaslı beynəlxalq yarışlarda dalğalandıracağına ümid etdiyini vurğulayıb.
Çingiz Hüseynzadə yarışı uşaqlar üçün böyük bayram adlandırıb. Azərbaycanda idman sürətlə inkişaf etdiyini deyən MOK-un vitse-prezidenti yeni nəslə bu imkanı yaratdığı üçün Azərbaycan Taekvondo Federasiyasına təşəkkürünü bildirib.
Li İn-Yonq isə yarışın Azərbaycanda ilk dəfə keçirilməsini müsbət amil kimi qarşılayıb: “Uşaqlar bu idman növü ilə məşğul olmaqla həm sağlam həyat tərzi sürürlər, həm də ədəb-ərkanlı davranmağı öyrənirlər”.
Rəsmi çıxışlardan sonra mərasim bədii hissə ilə davam edib.