"İmkanım olsaydı, hakimə sarı vərəqə göstərərdim" - MEDİNA
"İmkanım olsaydı, hakimin özünə sarı vərəqə göstərərdim".
Mediasport.az saytının Norveçə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kevin Medina Norveçin "Molde" klubu ilə 2:2 hesabı ilə başa çatan UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Kolumbiyalı müdafiəçi görüşün ikinci hissəsində sarı vərəqə alaraq cəzalı duruma düşməsinə münasibət bildirib.
O, həmin anda belçikalı baş hakimin yanlış qərar verdiyini düşünür: "Hakimin həmin epizodda mənə sarı vərəqə göstərməyinə nə lüzum var idi? Mənə dedi ki, meydançanı tez tərk et. Mən də bildirdim ki, ağrım var, necə sürətli çıxım? Bəzən hakimlər də aqressiv olurlar və baş rolda olmağa çalışırlar".
Medina güclü rəqibə qarşı oynadıqlarını etiraf edib: "Yaxşı rəqibə qarşı oynadıq. "Molde", xüsusən də, evdə təhlükəli olur. Yenə də məlum şərtlər altında istəyimizə nail olduq. Əsas da budur. Rəqib çox güclü komanda idi. Ümumi şərtlər heç də bizim xeyrimizə deyildi. Məqsədimiz meydançanı sərfəli nəticə ilə tərk etmək idi. Hesabda geridə olsaq da, sona qədər xarakter göstərdik".
Cənubi amerikalı zədəsinə müayinədən sonra aydınlıq gələcəyini söyləyib:
"Ağrılarım var. Bakıda MRT müayinəsindən sonra vəziyyətimə tam aydınlıq gələcək. Düşünmürəm ki, əvəzlənməyimin hansısa mənfi təsiri oldu. Meydançada qalsaydım, bəlkə də, yenə eyni nəticə qeydə alınacaqdı".