İsayevdən vida paylaşımı: "Sizinlə oynamaq mənim üçün şərəf idi"
Qış "transfer pəncərəsi"ndə "Qarabağ"a keçən Azərbaycan millisinin üzvü Aleksey İsayev keçmiş komandası "Sabah"la vidalaşıb.
Mediasport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram" hesabında fikirlərini belə dilə gətirib:
"İndi hiss etdiklərimi söyləməyin vaxtıdır. Təəssüf ki, bir az gec oldu. Sadəcə, hər şeyi sözlə necə ifadə edəcəyimi bilmədim. "Sabah"a keçidimdə əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm. Allah hamınızı qorusun. Bu 4 il bir anda ötüb keçdi. Həm sevincli, həm də kədərli anlar oldu. Biz bunların hamısını birlikdə keçdik. Meydandakı hər bir komanda yoldaşıma da minnətdaram. Sizinlə oynamaq mənim üçün şərəf idi. Murad Musayevin rəhbərlik etdiyi məşqçilər korpusuna xüsusi təşəkkürümü bildirirəm".
Xatırladaq ki, İsayev "köhlən atlar"la 3.5 illik müqavilə imzalayıb.