"İnanıram ki, "Kəpəz" Premyer Liqada layiqli yerlərdə olacaq" - HÜSEYNOV
"Məşçi kimi "Sumqayıt"da qalmalı idim, amma Azər müəllim məni "Kəpəz"də görmək istədiyi üçün buraya gəldim".
Bu sözləri MediaSport.az saytına açıqlamasında Gəncə klubunun yeni üzvü Vurğun Hüseynov deyib.
10 illik "Sumqayıt" karyerasından sonra aktiv futbolla vidalaşacağı gözlənilsə də, davam qərarı verən 35 yaşlı təcrübəli müdafiəçi təklifi məmnuniyyətlə qəbul etdiyini bildirib: "Kəpəz"də oynamağa sevə-sevə razılaşdım. İyunun 26-dan məşqlərə başlamışıq, çox yaxşı kollektivimiz var, hazırlığımız yaxşı səviyyədə davam edir. Burada yeni olmağıma baxmayaraq, özümü rahat hiss edirəm. Mənə qarşı münasibətdən də çox razıyam. Çalışacam ki, mənə göstərilən etimadı doğruldum. Komandamdan gözləntilərim yüksəkdir. İnşallah, "Kəpəz"in adına uyğun mübarizə aparıb Gəncə azarkeşlərini sevindirməyə çalışacağıq".
Azərbaycan yığmasının keçmiş üzvü qarşıdakı mövsüm haqqında fikirlərini də bölüşüb: "Mövsümün startından əsas məqsədimiz hər oyundan maksimum nəticə ilə ayrılmaq olacaq. Komandaya yeni qoşulacaq futbolçularla Premyer Liqaya daha yaxşı, komplekt hazırlaşacağıq. Gəncə futbol şəhəridir, böyük azarkeş kütləmiz var. Onların dəstəyi ilə "Kəpəz"in layiqli yerlərdə olacağına inanıram. Bu komandanın adı bəs edir ki, hədəfin yalnız ən yaxşı nəticələr olsun. Bunun üçün əlimizdən gələni edəcəyik".
2013/2023-cü illərdə "Sumqayıt"ın kapitanı olmuş Vurğun Hüseynov daha əvvəl "Turan Tovuz" və "Qəbələ" komandalarında çıxış edib.